08 Dekabr 2024

Səməd Vəkilov: “Tarixi və mədəni abidələrimizə sahib çıxmalıyıq”

“Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsi çərçivəsində təqdim edilən “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” kitabının təqdimatında kitabın müəllifi, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov təqdimat zamanı fikirlərini bölüşərək, bu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyinin rolunu qeyd etdi.

QHT.az xəbər verir ki, o, layihənin həyata keçirilməsində dəstək olan Agentliyə təşəkkür edərək, “Bu Agentlik, Qərbi Azərbaycana qayıdışla bağlı layihələr icra edib. Bu, elə Qərbi Azərbaycana Qayıdış platformasının reallaşmasına olan ən gözəl dəstəklərdən biridir” dedi. O, kitabın məziyyətləri haqqında Azərbaycanın görkəmli alimləri, Sadiq Qurbanov və Mahirə Hüseynovanın fikirlərini də diqqətə çatdırdı.
Səməd Vəkilov, kitabın mövzusuna toxunaraq, əvvəllər “şəxsi həyat hekayələri” adı altında təqdim edilən bölmənin Hüseynovanın tövsiyəsi ilə “həyat həqiqətləri və məlumatları” adı altında dəyişdirildiyini bildirdi. “Hekayə bir az bədii çalar gətirir. Bu insanların həyat həqiqətləridir. Kitabın üz qabığına Dərələyəz, Ələyəz kəndində olan Alban məbədinin şəkli verilib. Bu tarixi, mədəni abidələrimizə sahib çıxmalıyıq. Bu, Azərbaycan xalqına məxsus olan tarixi bir abidədir. Kitabda sonuncu etnik təmizləmə ilə bağlı ermənilərin yaratdığı qurumlar, Qarabağ komitəsi və Sumqayıt hadisələrinin geniş əksini tapıb” – deyə o, vurğuladı.

Hamamlı zəlzələsi zamanı baş verən böyük faciələrə, 69 nəfərdən 68-nin həlak olması hadisəsinə də toxunan müəllif həmçinin, Yuqoslaviya təyyarəsinin türk təyyarəsi ilə səhv salınması və ASALA tərəfindən həyata keçirilən terror hadisələrindən də bəhs etdi. S.Vəkilov, Qərbi Azərbaycana qayıdışla bağlı Ali Sovetin qərarını xatırladaraq, “Rəy sorğusu keçirilsin ki, Qərbi azərbaycanlılar öz yuvalarına qayıtmaq istəyirlər, yoxsa yox?” sualını irəli sürdü. O, bu qərarın bir təəssüf olduğunu vurğuladı, çünki eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Qərbi Azərbaycan ərazilərini dağıtması kimi ciddi məsələlər yaşanırdı.

Səməd Vəkilovun kitabı, tarixi faktları və mədəniyyətimizi qorumağın nə qədər vacib olduğunu bir daha ön plana çıxarır, yalnız Qərbi Azərbaycana qayıdış məsələsini deyil, eyni zamanda, tarixi və mədəni abidələrimizin qorunmasını da vurğulayaraq, gələcək nəsillərə bir miras buraxmağı hədəflədiyini göstərir.

Pərvanə Fərhadqızı