11 Oktyabr 2024

Kikboksinq üzrə “Heydər Əliyev Kuboku” Berlin şəhərində keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çəricvəsində görülən tədbirlər təşkil edilir. Belə ki, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Komitənin “Heydər Əliyev İli” ilə əlaqədar təsdiq edilmiş iş planına uyğun olaraq Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku”nda iştirak edib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Kubokda ölkəmizin və dünyanın bir çox yüksək reytinqli idmançıları iştirak edib. Milli Məclisin Gənclər və İdman Komitəsi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dünya Kikboksinq Təşkilatları Assosasiyası (“WAKO”) və Azərbaycan Kikboksinq Federasiyasının (“AKF”) birgə təşkilatçılığı ilə baş tutmuş yarışda vitse-spiker Adil Əliyevlə birlikdə, bu ölkədəki səfir Nəsimi Ağayev, WAKO-nun prezidenti Roy Baker, AKF-nin prezidenti Orxan Əliyev, ictimaiyyət nümayəndələrinin, peşəkar idmançılardan ibarət olmaqla Almaniyanın müxtəlif şəhər və bölgələrindən olan 1200-dən artıq iştirakçı qatılıb.

Yarışın açılış mərasimində çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev qonaqları salamlayaraq, müasir Azərbaycanın Ulu Öndər Heydər Əliyevin şah əsəri olmasını, bugünkü qüdrətimizin arxasında Ümummilli Liderin gərgin əməyinin olmasını diqqətə çatdırıb. Azərbaycana rəhbərlik etdiyi dövrlərin ölkəmizin çiçəklənməsi və qüdrətlənməsi ilə yadda qalmasını qeyd edən sədr müavini Ulu öndərin siyasi xəttini məhz dövlətimizin möhkəmlənməsinin təşkil etdiyini qeyd etmişdir. 1993-cü ilin böhranlı yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ölkədəki siyasi hərc-mərcliyə, xaosa, dövlətin parçalanmasının və Ermənistanın işğalının qarşısını alaraq tariximizə müstəqil Azərbaycanın memarı və xilaskarı kimi daxil olmasını qeyd edib. Daha sonra vitse-spiker Adil Əliyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrə, xüsusilə də gənclər və idman sahəsinə göstərdiyi yüksək diqqəti qeyd edərək, gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsində, idmanda kütləviliyin təmin olunması kimi mühüm amillərə toxunmuşdur.

Məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummili Liderin siyasi kursunu layiqincə davam etdirməsini və 44 gün davam etmiş Zəfər yürüşümüzlə düşmən üzərində tarixi Qələbə qazanılmasını, həyata keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın ərazi bütövlüyünün bərpa və suverenliyinin bərqərar etməsini diqqətə çatdırıb. Daha sonra ölkəmizdə elan edilmiş növbədənkənar Prezident seçkilərində xalqımızın öl Liderini dəstəkləməsini bildirib. Eləcə də xarici ölkələrdə yaşayan Azərbaycanlıların həm həqiqətlərimizin dünyaya çatdırılmasında, həm də dövlətimizin qüdərtlənməsi istiqamətində ölkə başçısının müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, bu sahədəki görülən işlərin daha da artırılmasını gənclərə tövsiyə edib. Çıxışın sonunda Ulu öndər Heydər Əliyevin və şəhidlərimzin əziz xatirələri hörmət və ehtiramla anılmışdır.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyev fenomenindən bəhs edərək, xalqımızın qarşısındakı böyük xidmətlərindən bəhs etmişdir. Ümummilli Liderin dövlət quruculuğuna verdiyi yüksək diqqət və qayğını qeyd edərək, xarici ölkələrlə qurulan dostluq münasibətlərindən, diplomatiya sahəsində görülən işlərdən bəhs etmişdir. Eləcə də, Ümummilli Liderin hər zaman diaspora fəalları ilə sıx təmaslarından bəhs edərək, xaricdə yaşayan həmyerlilərimizin qayğılarının hər zaman dövlətimizin diqqət mərkəzində olmasını bildirib. Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunan səfir möhtəşəm Zəfərimizlə ölkəmizin qüdrətinin bir daha dünyaya nümayiş etdirildiyini diqqətə çatdırıb.

Kubokun qonağı Dünya Kikboksinq Təşkilatları Assosasiyası (“WAKO”) prezidenti Roy Baker keçirilən yarışdan bəhs edərək, Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil etməsi və keçirməsi barədə məlumat verərək, keçirilən kəmər döyüşlərə marağın həddən artıq yüksək olmasını diqqətə çatdırıb. Azərbaycan kikboksinqçilərinin mütəmadi olaraq göstərdiyi yüksək nəticələrə diqqət çəkərək, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev ölkəmizdə gənclər və idman siyasətinə verilən yüksək diqqətdən söz açaraq, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi xəttin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etməsini qeyd edib. Eləcə də, “Heydər Əliyev Kuboku” tədbiri barədə geniş məlumat verərək, həm ölkəmizdə, həm də xarici ölkələrdə keçirilən tədbirlərin davamı olaraq Berlindəki tədbiri qeyd edib. Kubok yarışlarına olan yüksək diqqətdən bəhs edərək, idmançılarımızın peşəkar səviyyədə döyüşməsini, idmançılarımızın qazandıqları nailiyyətlərin, nüfuzlu idman yarışlarının yüksək səviyyədə təşkilinin nəticəsində ölkəmizin dünyada idman ölkəsi olaraq tanınmasını qeyd edib. İdmanın gənc nəslin yetişməsində, həqiqətlərimizin dünyaya çatdırılmasında mühüm rolunu qeyd edərək, yarış iştirakçılarına uğurlar diləyib.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku”nda 7 peşəkar döyüş keçirilib. Azərbaycan milli yığma komandasının üzvləri Amin Quliyev (63.5 kq), Ruslan Musayev (69 kq), Qəşəm Məmmədov (75 kq), Anar Məmmədov (60 kq), Rauf Gərayzadə (81 kq) və Elxan Əliyev (75kq) xarici kikboksçuları üzərində parlaq qələbə qazanıblar. Yarışda idmançılarımız Wako Pro Kəmərlərini qazanaraq, ölkəmizə gətiriblər.