19 Aprel 2024

Keçmiş NATO generalı: “Ukraynada yanğın 2023-cü ildə dayanacaq”

Rusiyanın Ukraynaya hücumları 2023-cü ilin sonunda atəşkəslə sonuclanacaq.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu proqnozu Bundesver (Almaniya ordusu) və NATO-nun keçmiş generalı Hans-Lotar Domreze “Funke” media qrupuna verdiyi müsahibəsində səsləndirib.

Alman general bu ilin yayın əvvəlində döyüş meydanlarında müəyyən durğunluq yaranacağını güman edir. Onun fikrincə, “hər iki tərəf həmlələrinin faydasız olduğunu dərk edəcək və barışıq əldə olunacaq”.

Domrezenin qənaətinə görə, atəşkəs üçün ən çox ehtimal olunan vaxt fevral və may aylarında ola bilər. “Bu, hər iki tərəfin öz mövqelərində “ilişib qaldıqlarını” anladığı bir vaxt olacaq”, – deyə o, bildirib.

“Danışıqlar xeyli müddət uzanacaq, bunun üçün isə vasitəçi lazımdır. Bu BMT-nin baş katibi] Quterreş, Türkiyə prezidenti Ərdoğan və ya Hindistanın baş naziri Modi də ola bilər”,-deyə alman hərbçi söyləyib.

Keçmiş generala görə, həm Ukrayna, həm də Rusiya məsələyə maksimalist yanaşır. “Rusiya prezidenti Vladimir Putin bütün Ukraynaya sahib olmaq istəyir, Vladimir Zelenski isə işğal olunan bütün əraziləri azad etməyi arzu edir. Belə olan halda həll yolunu tapmaq çətinləşir”,-deyə o, qeyd edib.

Mümkün həll yolu kimi Domreze “Zelenskinin Krımın dərhal Ukraynaya reinteqrasiyası tələbindən vaz keçməsini” göstərib. Onun sözlərinə görə, keçid üçün Rusiyaya müəyyən vaxt vermək lazımdır.