23 Dekabr 2024

Dövlət qayğısı sayəsində idmançılarımız Beynəlxalq yarışlarda uğur qazanırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər Mərkəzləri, Gənclər evləri, Olimpiya İdman Kompleksləri istifadəyə verilib.

    Ölkəmizdə idmanın yüksəlişində Milli Olimpiya Komitəsi əvəzsiz rol oynamışdır. 1997-ci ildə MOK-nin prezidenti seçilmiş cənab İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlamışdır. Ötən müddət ərzində ölkənin idman infrastrukturu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuş, milli müstəqilliyin bərpasından əvvəl bir idman uğuru ilə yadda qalmamış, Azərbaycan nəinki beynəlxalq turnirlərdə misilsiz uğurlara imza atmış, həm də irimiqyaslı idman tədbirlərinə ev sahibliyi etmək bacarığı nümayiş etdirmişdir.

      Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizi uğurla təmsil edən güləşçilərin cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi Azərbaycan idmanına olan qayğının əyani göstəricisidir. Güləşçilərimz çempionatda ümumilikdə 16 medal qazanmışlar ki, həmin medallardan da 7-si məhz qızıl medaldır. Bu isə o deməkdir ki, idmançılarımız 7-ci Avropa çempionatında Azərbaycanın dövlət himnini 7 dəfə səsləndirmiş və komanda hesabında 1-ci yerə layiq görülmüşlər. Azərbaycan idmançıları hər zaman ölkəmizi layiqncə təmsil edir, ölkəmizin gücünü dünyaya nümayiş etdirirlər. Təbii ki, bütün bu uğurların əsasında dövlətin, xüsusilə də cənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarımıza göstərmiş olduğu diqqət dayanır. İdman ölkəmizdə dövlət siyasətidir və bu sahənin inkişafı üçün davamlı tədbirlər həyata keçirilir. Belə ki, idmanın bütün növlərinə diqqət göstərilir və hər bir idman növündə ölkəmiz beynəlxalq yarışlarda layiqincə təmsil olunur. 

         Məhz güləş də Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Milli idman  növü olan güləşə hər zaman gənclər arasına böyük maraq olub. Xüsusilə müstəqillik dövründə güləşçilərimiz Azərbaycanı dünyada uğurla təmsil edib, bayrağmızı yüksəldiblər. Güləşçilərimizə dövlət tərəfindən yaradılan əlverişli şərait güləşin bundan sonra da inkişafını təmin edəcək və ölkəmiz dünyada  idmanın bu növü üzrə aparıcı ölkələrdən biri olacaqdır. Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında Azərbaycanın 34 Avropa ölkəsi arasında birinci yerdə olması bu fikirləri əminliklə deməyə əsas verir. 

      Güləşçilərlə görüş zamanı idmançılara davamlı olaraq şərait yaratmaq və bundan sonra onlardan nəticələr gözləmək lazım olduğunu qeyd edən cənab Prezident İlham Əliyev eyni zamanda Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirmiş oldu. Belə ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə, həmçinin istedadlı uşaqların seçilərək idmana cəlb edilməsi prioritet vəzifə kimi qeyd edildi. Azərbaycanın hər bir bölgəsində müasir olimpiya idman kompleksləri mövcuddur və bu komplekslərdən səmərəli şəkildə istifadə edilməsi mütləqdir. 

  Gənclərin sağlam, eyni zamanda vətənpərvər ruhda yetişməsi üçün idmanın mühüm rolu vardır. Vətənə sevgi hər zaman yüksək səviyyədə olmalıdır. Azərbaycan gəncliyi Vətən müharibəsi dövründə özünün Vətənə, torpağa bağlı gənclik olduğunu bütün dünyaya nümayiş etdirdi. 

    Gənc idmançılarla görüşdə Ermənistanın xalqımıza qarşı törətmiş olduğu soyqırımı, etnik təmizləmə siyasəti və 30 illlik işğalına diqqət çəkən cənab Prezident İlham Əliyev hər kəsin, xüsusilə də yetişən gənc nəslin həqiqəti olduğu kimi bilməsinin vacibliyini qeyd etdi. 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu ki, bunun da səbəbləri o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı və ordunun olmaması idi. Bu gün isə idmançılarımız müzəffər xalqı təmsil edirlər. Təkcə idmançılarımız deyil, bütün Azərbaycan vətəndaşları və dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. 

       Ölkə başçısının güləşçilərlə görüş zamanı daha bir diqqət çəkən məqam azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlər haqqında səsləndirdiyi fikirlər oldu.

       Cənab Prezident  bu istiqamətdə işlərin görüldüyünü, azad edilmiş bütün şəhərlərin Baş planlarında stadionların, idman kompleksləri və digər idman qurğularının öz əksini tapdığını açıqladı.

   Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, bu gün idmançılarımzın beynəlxalq turnirlərdə əldə etdikləri uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin idman sahəsinə olan yüksək diqqət və qayğısının məntiqi nəticəsidir.

Rövşən Qurbanov,Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı