22 Dekabr 2024

Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları

Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Təbii ki, Azərbaycanın sürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Əlbəttə, respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Azərbaycanda idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks xarakterli tədbirlər həyata keçirilir. Ölkəmizdə yeni infrastrukturların yaradılması və uğurlu təbliğatın aparılması buna tam imkan verir. Bəllidir ki, ölkədə təkmil idman infrastrukturu yaradılıb və bu proses davamlı xarakter daşıyır. Digər əsas məsələ media vasitəsilə genişmiqyaslı təbliğatın aparılması, insanların idmanla məşğul olmağa təşviq olunmasıdır.
Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə qayıdıblar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar”.
Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək.

Həsən Şirinov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.