29 Mart 2024

“Ermənistan zəlzələni fürsətə çevirmək istəyir” – Aqil Camal

AzNews.az analitik-informasiya portalının suallarını tanınmış jurnalist, “Ortaq Dəyərlər” İctimai Brliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.az saytının baş redaktoru Aqil Camal cavablandırır:

– Cənab Camal, Ararat Mirzoyan Türkiyəyə səfəri zamanı orada Ermənistanın göndərdiyi xilasetmə qrupu ilə görüşüb və eyni zamanda Çavuşoğlu ilə söhbətləşib. Narahat olmağa dəyərmi?

– Ermənistan Türkiyədə baş verən zəlzələni sanki bir fürsətə çevirmək istəyir. Ermənistanın zəlzələ baş verəndən sonrakı davranışları, atdığı diplomatik addımlar, hansısa “humanitar yardımlar” bunların hamısının bir məqsədi var. Bilirsiz ki, ilk olaraq zəlzələdən sonra Ermənistan Baş Naziri Nikol Paşinyan Ərdoğana zəng etdi və başsağlığı mesajlarını çatdırdı. Ardınca Ermənistandan Türkiyəyə xilasedicilər məhdud sayda xilasedicilər göndərilib. Digər tərəfdən isə biz bilirik ki, 35 ildən sonra “Ali Can” sərhəd keçid məntəqəsindən Ermənistan tərəfdən Türkiyəyə humanitar yüklərin olduğu avtomobillər hərəkət edib. Qeyd etdiyimiz kimi burada Ermənistanın başlıca məqsədi Türkiyəyə səmimi olaraq hansısa yardımlar etməkdən ibarət deyil. Əgər bu yardımlar səmimi olsaydı, bunu elə hava yolu vasitəsilə də həyata keçirmək olardı. Çünki bilirlər ki, sərhəd qapısı bağlıdır. Onların məqsədi həmin yaranmış vəziyyətdə humanitar yük adı ilə avtomobillərin bağlı olan sərhəd qapısından keçməsini təmin etməkdir. İndiki vəziyyətdə Türkiyənin bundan imtina etməsi yaxşı qarşılanmazdı. Yəni qonşu dövlətdir, yaranmış vəziyyətdə Türkiyə ilə münasibətləri o qədər də isti olmayan ölkələr, o cümlədən Yunanıstan və münasibətləri yenicə düzəlmiş İsrail də Türkiyəyə müxtəlif formalı yardımlar göstərdilər. Bu baxımdan Ermənistanın göstərmək istədiyi 4-5 avtomobildən ibarət humanitar yardımının quru yolu ilə bağlı olan sərhəddən keçirməsi istəyinə qarşı Türkiyənin yox cavabı verməsi bir neçə baxımdan istər humanitar, istər beynəlxalq münasibətlər diplomatik baxımdan Türkiyəyə müsbət bir not gətirməzdi. O üzdən Türkiyə həmin o keçidə razılıq verdi.

– Biz gördük ki, yollar uzun illər sonra humanitar yardım üçün açıldı. Sizcə, bu yollar açıq qalacaq, yoxsa yenidən qapanacaq?

– Yollar rəsmi olaraq bağlıdır. Bu yolların bir istisna hal kimi humanitar məqsədlə açılması Müstəsna xarakter daşıyır. Hazırda təkcə Ermənistan tərəfdən deyil, eyni zamanda Türkiyə və Suriya xəttində də Türkiyə humanitar yardımlar üçün Suriyaya doğru sərhədləri açıb ki, yardımlar çatdırılsın. Bu hazırda bölgədə yaranmış vəziyyətlə bağlıdır. Türkiyə necə ki, rəsmi şəkildə sərhədlərin bağlanması haqqında zamanında qərar qəbul edib bunun da başlıca səbəbi Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı olub. Bu gün isə bütövlükdə Azərbaycan və Ermənistan arasında hələ də masada sülh əldə olunmayıb, sülh müqaviləsi bağlanmayıb, hələ də Ermənistan öz hərbi hissələrini Azərbaycan ərazisindən tam olaraq çıxartmayıb. Azərbaycan da bu məsələni bitmiş hesab etmədiyinə görə və bu məsələlər də Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirildiyi üçün mən inanmıram və inanmaq istəmirəm ki, Türkiyə tərəfi bir tərəfli qaydada bu məsələni kordinasiya etmədən sərhəd qapılarını açsın. Digər bir tərəfdən ikinci bir məsələ Ermənistanın Türkiyəyə qarşı olan iddialarıdır. Gəlin baxaq, bu gün əgər Ermənistan Türkiyədən sərhəd qapılarını açılmasını istəyirsə, bunun qarşılığı olaraq bəs Ermənistan nə edir? Jest olaraq nə edir? Türkiyəyə davamlı olaraq Erməni soyqırımı ilə bağlı iddialar davam edir. Hətta zəlzələnin baş verdiyi bu günlərdə belə bəzi ölkələrdə erməni soyqırımının tanınması ilə bağlı qərar qəbul etmək nümunələri var. Bu baxımdan Ermənistan açıq şəkildə, dövlət səviyyəsində bəyan etməlidir ki, Türkiyəyə qarşı erməni soyqırımı iddiasından rəsmi şəkildə əl çəkir və gələcəkdə hansısa ölkələrin parlamentlərində bu məsələnin müzakirəsinə təşəbbüs göstərməyəcək. Əgər belə bir təşəbbüslər olarsa, həmin dövlətlərin parlamentlərinə bu məsələlərin gündəlikdən çıxmasını və bu cür cəhdlərin Ermənistan-Türkiyə münasibətlərinə zərər vurduğunu onların nəzərinə çatdıracaqdır.

– Zəlzələdən sonra Ermənistanın göndərdiyi xilasetmə qrupu doğurdanmı bir işə yarayıb?

– Ermənistanın Türkiyəyə göndərdiyi xilasedicilərin təhkim olunduğu yerdə nələrə nail olduqları ilə bağlı açığı bir səhi məlumat yoxdur. Sadəcə sosial şəbəkələrdə və müəyyən seqmentlərdə yayılan məlumat onunla bağlı oldu ki, orada xilasedici qrupun adı açıqlanmış üzvləri soyğunçuluqla məşğul olublar. Bunlarla bağlı Ermənistanın Türkiyədəki fəaliyyəti ilə bağlı yayılan məlumat indiki vaxta qədər hələlik bundan ibarətdir.Ətraflı

– Türkiyə hər zaman bildirib ki, sülh danışıqlarında Azərbaycanın şərtləri nəzərə alınmasa, biz heç bir addım atmayacağıq. Bu bəyanat yenə də qüvvədədirmi?

– Bildirmək istəyirəm ki, Azərbaycan-Türkiyə münasibətləri imzalanmış Şuşa Bəyannaməsi ilə tənzimlənir. İki ölkə arasında strateji müttəfiqlik haqqında danışarkən bu sənədə istinad olunur. Həmin sənəddə isə ölkələrin öz siyasətlərini müstəqil şəkildə yürütmək məsələləri qeyd olunub. Bununla yanaşı birbirlərini müdafiə etmək, maraqlarının müdafiəsində birgə çıxış etmək məsələləri vurğulanır. Əgər Azərbaycan hesab edirsə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, eyni zamanda sərhəd qapılarının açılması onun maraqlarına ziddir, bu halda Türkiyə rəsmi Bakının narahatlıqlarını nəzərə almalıdır. Güman edirəm ki, nəzərə alacaq. Çünki keçmiş təcrübə var. Keçmişdə Türkiyəyə təzyiqlər və buna təşəbbüslər də var idi. Bu zaman Azərbaycan dövləti və ictimaiyyəti öz mövqeyini bildirmişdi. Ümid edirik ki, bu təşəbbüslər bir daha təkrarlanmayacaq.

Rəşid QARAYEV,

AzNews.az