27 İyul 2024

Ermənilər Sərsəng Su Anbarını qəsdən qurudur — Region ciddi fəakət astanasında…

Ermənistanın 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlaması bölgənin, xüsusi ilə Azərbaycanın təhlükəsizliyinə, iqtisadiyyatının inkişafına çox böyük mane olub. İşğal səbəbindən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaranıb. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, habelə işğal edilmiş ərazilərdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çayların qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub, o cümlədən yüz minlərlə əhali içməli sudan məhrum edilib. 

Son günlər Ermənistan tərəfindən Sərsəng Su Anbarının boşaldılması müşahidə edilməkdədir. Bəs, bu hansı problemlərə səbəb ola bilər?


Məsələ ilə bağlı ekoloq Xosrov Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, Sərsəng Su Anbarı Cənubi Qafqazda ən yüksək su anbarıdır:

“Onun hündürlüyü 125 metrdir. Əlbəttə orada nəisə olsa, bizim 5-6 rayonumuz su altında qala bilər. Yəni, çox fəlakətli birşey olar. Əsasən dağətəyi rayonlarımız, Bərdə, Yevlax və sair, hansı ki, çökəklikdə yerləşirlər, həmin yerlər su altında qala bilər. Onun fəsadlarını fikirləşəndə adam dəhşətə gəlir. 

Vaxtilə Sərsəng Su Anbarı Goranboy, Ağdam, Yevlax, Bərdə kimi rayonların 100 mindən artıq ərazilərini suvarmaq üçün yaradılmışdı və həmin rayonları elektrik enerjisi ilə təmin etmək üçün nəzərdə tutulurdu. Əgər bu anbar quruyarsa, orada fəlakətin miqyası çox böyük olar. Qarabağın demək olar ki, bütün su ehtiyatları orada yerləşir”.

Ekoloqun sözlərinə görə, Sərsəng Su Anbarı çox böyük olduğundan, suyun boşaldılması zamanı orada böyük çatlar əmələ gələ bilər:

“Sərsəng Su Anbarında çatların əmələ gəlməsini sonradan təmir etmək, qurmaq görün nə qədər vəsait tələb edir. Bu su anbarı elə bir yerdədir ki, iki qayanın arasındadır. Amma bir məqam da var. Onun beton sistemi çox möhkəmdir. Əgər erməni tərəfi buna qəsdən ziyan vurarsa, o zaman beton sistemi də ciddi fəsadlara səbəb ola bilər”.