23 Dekabr 2024

Erkən nikahlar mövzusunda regionlarda silsilə tədbirlər təşkil olunacaq

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən nikahlar” mövzsunda tədbirlərin təşkili adlı monitorinq, maarifləndirmə və PR fəaliyyətli layihənin icrasına başlayıb.

4 ay müddətində (01 fevral – 01 iyun 2022-ci il) icra olunacaq layihə AR Nazirlər Kabinetinin 2020-ci il 213 №-li Qərarı ilə təsdiq olunan “Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın vəziyyətinin, mərkəzi və yerli icra orqanlarının bu sahədə görmüş olduqları işlərin və fəaliyyətlərin monitorinq və araşdırmasının aparılmasını, 8 bölgədə sorğuların aparılmasını, nəticələrin təhlilini, obyektiv vəziyyətin inkişafına dair tövsiyyə və təkliflərin hazırlanmasını, geniş maarifləndirmə, PR, sosial media və aksiyaların təşkilini nəzərdə tutur.

Layihə eyni zamanda ölkənin 4 regionunda erkən və qohum nikahlar sahəsində müsbət perspektivlərə dair aidiyyətli hökumət strukturu təmsilçilərinin, ekspert, KİV, QHT və ictimai fəalların iştirakı ilə Dəyirmi masaların keçirilməsini, bu istiqamətdə davamlı informasiya-təcrübə mübadiləsi və tərəfdaşlıq əlaqələri üçün Əməkdaşlıq Şəbəkəsinin qurulmasını da əsas fəaliyyətlərə daxil etmişdir.  

Layihə çərçivəsində gənclərin və onların valideynlərinin erkən və qohum nikahlardan çəkindirilməsinə xidmət üçün KİV və sosial mediada ictimai maarifləndirmə kampaniyalarının təşkili ilə yanaşı bu sahədə yeni təşəbbüslərin, araşdırma alətlərinin genişləndirilməsi və Consept Note hazırlanması da nəticə olaraq gözlənilir.

    ADTGT İctimai əlaqələr və informasiya departamenti