22 Dekabr 2024

Ekoloji yönümlü QHT-lər müraciət yaydı

Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına MÜRACİƏTİ səsləndirilib.

09 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı tədbiri keçirilib.

Ölkə QHT-lərinin çoxsaylı müraciəti əsasında təşkil olunan tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Agentliyin əməkdaşları, ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir. Yaşıllıqların yanması nəticəsində flora və faunaya ciddi ziyanlar dəyir. Təəssüf ki, son illərdə yay aylarının isti və quraqlı keçməsi cari ildə də müşahidə edilmiş və vəziyyətin bu şəkil alması meşə massivlərində yanğın ocaqlarının yaranması üçün əlverişli şərait yaratmışdır. Bunun nəticəsidir ki, son aylar ölkənin müxtəlif bğlgələrində meşə yanğınlar baş vermiş və, təəssüf ki, həmin yanğınlar qısa zaman kəsiyində əsasən söndürülsə də onların nəticəsində flora və faunaya dəymiş ziyanın aradan qaldırılması uzun müddət tələb edir.

Eyni zamanda beynəlxalq təcrübə onu göstərir ki, aidiyyəti icra strukturlarının istər meşə yanğınlarının baş verməsinin qarşısının alınması, istərsə də artıq baş vermiş yanğınların fəsadlarının aradan qaldırılması istiqamətində səyləri bu prosesdə cəmiyyətin geniş təbəqələrinin, xüsusilə də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə müsbət nəticələr verir. Bunu nəzərə alan və müxtəlif icra hakimiyyəti strukturlarının yanğınların qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirən ekoloji yönümlü qeyri-hökumət təşkilatları ölkə ərazilərində baş verən meşə yanğınları ilə əlaqədar narahatçılığını ifadə edir, meşə yanğınları ilə mübarizədə dövlətin yanında olduğunu bildirir və cəmiyyətin bütün təbəqələri kimi vətəndaş cəmiyyəti üzvlərinin də bu prosesdə aktiv olmağa çağırır.

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – Amin Məmmədov, Pərvanə Xıdırova, Qorxmaz İbrahimli, Sevil Yüzbaşeva, Qəmzə Yusubova, Rahilə Mehtiyeva, İradə Həsənova, Səlim Balayev, Xanoğlan Əhmədov, Nadir İsmayılov, Telman Məmmədov, Sevinc Fədai, Aynur Zülfüqarova Azərbaycan Respublikasında ekoloji tarazlığın qorunması və vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmini üçün daima çalışdıqlarını, bu prosesdə də vətəndaş cəmiyyəti institutları yaxından iştirak etdiyini qeyd ediblər. Çıxışçılar meşələrin təbii sərvət olduğunu bir daha vurğulayaraq vətəndaş cəmiyyəti üzvlərinin də bu sərvətin qorunmasında, bərpasında daima aktiv fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciəti səsləndirilib.