23 Dekabr 2024

Ekoloji terror siyasəti

Erməni vandalları bütün bu əməllərinə görə beynəlxalq məhkəmə və tarix qarşısında cavabdehdirlər

Erməni vandalları 30 il ərzində Azərbaycan xalqına qarşı soyqırımı törətməklə yanaşı, təbiətimizə də olmazın yaraların vurublar. Onlar işğal etdikləri ərazilərimizdə sözün əsl mənasında, ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid – ətraf mühitə qarşı genosid adlandırıb.

Mənfur düşmən uzun müddət meşələrimizi qırıb və talayıb, meyvə bağlarındakı ağacları kəsib, son dövrdə tərk etməli olduğu rayonlarda isə yaşıllıqlara od vurub. Hətta işğalçı ölkə öz xəyanətkar əlini çaylarımıza da uzadıb. Bununla da ermənilərin Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Bildiyimiz kimi, Oxçuçay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır.

Oxçuçay, əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxardan kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır. Çayda zəhərli maddələrin miqdarı o qədər çoxdur ki, burada heç bir canlı yaşamır. Hətta bu çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkarlanıb.

Ekspertlər və mütəxəssislər çayda apardıqları müşahidələrin, götürülən analizlərin nəticələrinə əsaslanaraq həyəcan təbili çalırlar: “Ermənistan Oxçuçayı ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib”. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva ifadə edib. Onun sözlərinə görə, nazirlik tərəfindən Oxçuçayda mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb: “Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir”.

Nazirlik rəsmisinin sözlərinə görə, çayda ən çox çirklənmə halları yay və qış aylarında baş verir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib.

Oxçuçayın çirklənməsində “xidmətləri” olan qurumlardan biri də Almaniyanı təmsil edən “Cronimet” şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur. 

Yayılan xəbərlərə görə, “Cronimet”in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Bizim sözügedən şirkətə qarşı iddialarımız isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. Şirkət Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə, məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir. Ölkəmizin məsələ ilə bağlı qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Oxçuçayı çirkləndirən “Cronimet” şirkətinin cəzalandırılması məsələsini yenidən gündəmə gətirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.