Ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətinin prioritetlərindən biridir FOTO
YAP-ın və ETSN-nin birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirildi: Əsas məqsəd Abşeron yarımadasının daha da yaşıllaşdırılmasıdır
Aprelin 23-də Yeni Azərbaycan Partiyasının (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirildi.
Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatları, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatının əməkdaşları, partiya fəalları və ETSN-nin nümayəndələri iştirak edirdilər.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağaclar, əsasən zeytun və eldar şamı əkildi.
Qeyd edək ki, Beynəlxalq Yer Günü 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hər il bu əlamətdar gün ilə əlaqədar dünyada milyonlarla insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir.
Ağacəkmə aksiyasının iştirakçıları “İki sahil TV”yə açıqlamalarında ekoloji mühitin daha da sağlamlaşdırılmasında belə kampaniyaların rolunu yüksək qiymətləndirdilər.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Nağıyev bildirdi ki, belə əlamətdar günlərdə ictimaiyyət nümayəndələri bizə qoşulurlar: “Əlbəttə ki, belə günlərdə onların bizim yanımızda olması olduqca sevindirici haldır. Əsas məqsədimiz Abşeron yarımadasının daha da yaşıllaşdırılması istiqamətində mühüm işlərin görülməsidir. Bunun üçün də müxtəlif təşkilatların, ictimai qurumların bu sahədə bizə fəal şəkildə köməklik etməsi böyük əhəmiyyət kəsb edir.”
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, ekoloji mühitin daha da sağlamlaşdırılması daim Azərbaycanın daxili siyasətinin əsas istiqamətlərindən biri olub: “Çünki Abşeron yarımadasının bitki örtüyü zəngin deyil və belə olan halda ətraf mühitin qorunması, ən böyük şəhərimiz olan paytaxt Bakının oksigenlə təmin olunması üçün mütləq geniş yaşıllıqlara ehtiyac var. Bütövlükdə isə Azərbaycanın relyefində, coğrafiyasında meşə cəmi 11-12 faiz təşkil etdiyinə görə, hər zaman ağac əkilməsinə ehtiyac var. Üstəlik də hazırda qlobal ekoloji problemlər kontekstində bu məsələ daha da aktuallaşıb. Ona görə də Yeni Azərbaycan Partiyası bu məsələnin aktuallığını nəzərə alaraq daim payız və yaz fəsillərində ağacəkmə kampaniyası keçirir. Bu gün də belə bir ağacəkmə kampaniyasının keçirilməsinə şahidlik edirik.”
H.Babaoğlu qeyd etdi ki, burada zeytun, şam ağacları əkiləcək ki, bu, həm gələcəkdə ekoloji təmiz məhsulların əldə olunmasına gətirib çıxaracaq və həm də Abşeronun ekoloji iqliminin daha da sağlamlaşdırılmasına gətirib çıxaracaq: “Ona görə də böyük çoşqu ilə Yeni Azərbaycan Partiyasının üzvləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə onların cəlb etdiyi yaşıllıq sevənlərlə birlikdə bu möhtəşəm kampaniyanı həyata keçirir.”
Milli Məclisin deputatı Ramil Həsən qeyd etdi ki, Heydər Əliyev Fondu və eyni zamanda IDEA İctimai Birliyi tərəfindən ölkəmizin ekologiyasının daha da sağlamlaşdırılması, yaşıllıq zonalarının genişləndirilməsi ilə bağlı müvafiq sürətdə irimiqyaslı layihələr həyata keçirilir: “YAP-ın ölkə ekologiyasının sağlamlaşdırılması, yaşıllıqların daha da geniş vüsət alması ilə bağlı dövlətimizin həyata keçirdiyi uğurlu siyasətə dəstək verməsi əlbəttə ki, alqışlanan bir hadisədir. Hər bir şəxs kimi, YAP-ı Milli Məclisdə təmsil edən deputatlar olaraq biz bu prosesdə yaxından iştirak etməkdən böyük məmnuniyyət duyuruq. Əminik ki, bizim bu gün əkdiyimiz və əkməyə davam edəcəyimiz bu yaşıllıq sahələri gələcək nəsillər üçün daha rahat, sağlam oksigenlə yaşaya biləcəkləri bir məkana çevrilməsinə böyük bir şərait yaradacaq.”
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd etdi ki, Azərbaycanda mütəmadi olaraq ekoloji vəziyyətin daha da yaxşılaşdırılması və nəzarətdə saxlanılması üçün xüsusi aksiyalar həyata keçirilir: “Bunlardan biri də yaşıllıq zonasının daha da genişləndirilməsi, yeni meşə massivlərinin yaradılmasıdır. Bu gün biz növbəti belə aksiyalardan birində iştirak edirik. Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkil etdiyi bu ağacəkmə aksiyası həqiqətən alqışlanmalıdır. Çünki bu ərazilər quraqdır. Burada yaşıllıq zonasının salınması nəticə etibarı ilə torpağın ümumi vəziyyətini yaxşılaşdıracaq, həmçinin havanın təmiz saxlanması və oksigenin miqdarının artmasına çox müsbət təsir göstərəcək. Bugünki aksiyada partiyamızın könüllülərinin, fəallarının yaxından iştirak etməsi bir növ digər əhali qrupuna da bir mesajdır ki, onlar da bu ağacəkmə kampaniyalarına fəallıq göstərsinlər və yaşıllıqların qorunmasına və daha da genişlənləndirilməsinə öz töhfələrini versinlər. Bu cür aksiyaların təşkil edilməsi təqdirəlayiq haldır və biz bunu dəstəkləyirik.”
Milli Məclisin deputatı İlham Məmmədov bildirdi ki, Beynəlxalq Yer Günü münasibəti ilə keçirilən bu ağacəkmə aksiyası bizim ana təbiətimizə, Yer planetinə bizim töhfəmizdir: “Bu gün dünyada baş verən kataklizmlərin əsasında məhz ekoloji amil dayanır. Bütün biokataklizmlər – təbiətin məhv edilməsi, ekomühitin korlanması, müharibələr, atmosferdə baş verən proseslər ekosistemə böyük ziyan vurub. Əhalinin sağlamlığı, Yer planetinin yaşaması üçün oksigenə, münbit torpağa, yaşıllığa və gözəlliyə ehtiyacımız var. Hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbübüsü və fəaliyyəti ilə biz də planetimizə və təbiətimizə öz töhfəmizi verəcəyik.”
İ.Məmmədov xüsusi vurğuladı ki, bu ənənə hələ Sovetlər dönəmində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilib: “Bakı şəhərinin girəcəyində “Dostluq” parkı salınmışdı. O vaxt çox böyük park idi. Ondan sonra da bu ənənə davam etdirilmişdir. Bildiyiniz kimi, YAP hər il bu kimi tədbirlərlə, ağacəkmə aksiyaları ilə bu siyasətə böyük töhfə verir. Biz də YAP üzvləri olaraq bu aksiyada böyük sevinclə, qürurla iştirak edirik.”
YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev söylədi ki, YAP tərəfindən müxtəlif dövlərdə bu cür ağacəkmə aksiyaları təşkil olunur: “Bu aksiyalarda partiyanın Gənclər Birliyi də yaxından iştirak edir. Gənclərimiz həmin kampaniyalarda çoxlu sayda ağac əkirlər və təbiətimizin, ekosistemin daha yaxşı şəkildə inkişafına töhfə vermiş olurlar. Eyni zamanda bildirmək istəyirəm ki, biz bu günlərdə Beynəlxalq Yer Gününü qeyd edirik. Bugünki aksiyanın əhəmiyyəti də məhz bu gün çərçivəsində həyata keçirilir. Mayın 10-u ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cü ildönümüdür. Düşünürəm ki, bu cür ağacəkmə aksiyasının keçirilməsi bu əlamətdar hadisəyə təsadüf edir. Gənclərimizlə bərabər bu aksiyada iştirak etmək bizim üçün böyük fəxarətdir.”
Cavid Əkbərov,
Vüsal Cahanov (foto), “İki sahil”