23 Dekabr 2024

Dünyanı göz yaşlarına boğan fotonu çəkən jurnalist DANIŞDI: “O mənə dedi ki…”

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altında qalan 15 yaşlı qızının əlini buraxmayan, bu hərəkəti ilə bütün dünyanı kədərləndirən ata – 49 yaşlı Mesut Hançer hadisədən sonra ilk dəfə açıqlama verib. 

Mesut Hançer zəlzələ baş verən zaman işdə olduğunu bildirib. O, yer silkələnən kimi əvvəlcə ailəsinə zəng vurub, həyat yoldaşının, iki qızının və oğlunun yaxşı olduğunu öyrənib: “Kiçik qızım İrmak həmin gecə nənəsigildə qalmışdı. O gecə İrmakın əmisi uşaqları gəlmişdi və o, onlarla qalmaq üçün nənəsinin yanına getdi”.

Musavat.com xəbər verir ki, həmin fotonu çəkən təcrübəli fotojurnalist Adem Altan “The Guardian”a danışıb. Altan 41 illik karyerası ərzində minlərlə şəkil çəkdirdiyini, lakin bu kadrı o fotoların heç biri ilə müqayisə edə bilmədiyini deyib.

63e7429a4e3fe11820e5d0c5.jpg (135 KB)

“Ailələr yaxınlarını dağıntılar altından çıxarmağa çalışırdılar. Amma narıncı geyimli bir adam dağıntılar üzərində oturmuşdu. O mənim diqqətimi çəkdi. İşə başladım. Mənə “Uşağımın şəklini çək” dedi. Sonra tutduğu əli buraxıb uşağını mənə göstərdi. Onun adını və uşağın adını soruşdum. Bir az uzaqda idim, eşitməkdə çətinlik çəkirdim. Qızının adının İrmak olduğunu dedi” – Altan deyib.

Fotojurnalist sözlərinə belə davam edib:

“Öz-özümə düşündüm… Nə dözülməz ağrıdır… Daha sonra şəhərin digər yerlərinin şəkillərini çəkmək üçün getməli oldum. Səhəri gün ata və qızın olduğu dağıntılara qayıtdım. Mən sonradan o atanın başına nə gəldiyini bilmirəm. Ertəsi gün nə o, nə də qızı orada idi”.

63e741c44e3fe11820e5d0ad.jpg (170 KB)