23 Dekabr 2024

Dilimizin hərtərəfli inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub

Ümummilli liderimiz Heydər Əliyevin  2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Dil milli varlığın təzahür formalarından biri kimi başa düşülür.Dil hər bir xalqı, milləti başqalarından fərqləndirən ən mühüm amillərdən hesab olunur.Öncə qeyd etməliyik ki, milli mənsubiyyətimizi ifadə edən dilimiz özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Dədə Qorqud və Koroğlu dastanlarından gələn ana dilimiz həzin laylalarla ruhumuzu qidalandırmışdır. Bu gün ümumi , ortaq dilimiz Azərbaycan dili adlandırılsa da keçmişə nəzər yetirəndə əcdadlarımızın düşəncəsində milli mənliyimizin dili türkcə adlandırılmışdır. Tarixən Qafqaz coğrafiyasında özünə yer tutmuş Azərbaycan türkcəsi təsirlərə məruz qalmış, dilimizin məhvinə yönəlmiş tədbirlər həyata keçirilmişdir. Ərəb xilafəti dövründə torpqlarımıza ərəblər köçürülmüş, ondan əvvəl sasanilər imperiyası dönəmində fars mənşəli xalqların məskunlaşdırılması aparılmışdır. Hazırda coğrafi ərazilərimizdə ərəb və fars mənşəli toponimlərin mövcudluğu dediyimiz fikrləri bir daha təsdiqləmiş olur. Ancaq Azərbaycan türklərinin mədəniyyəti , dil gözəlliyi heç vaxt assimliysiyaya uğramadan özünün varlığını saxlaya bilmişdir. Əksinə olaraq Azərbaycana köçürülmüş ərəblər və farslar etnik mənsubiyyətini itirərək ya türkləşmiş, ya da yeni etnosun yaranmasına xidmət etmişdir. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.

Dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində də öz əksini tapıb. Məlumdur ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti də 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəldi və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olundu.

Təəssüflər olsun ki, milli varlığımızı, dilimizi qorumaq nəsildən nəsilə ötürülərkən müxtəlif təqiblərlə üzləşib. Çar Rusiyasının tərkibində olarkən XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bir müddət tatar dili adlandırılıb. AXC qurulanda isə rəsmi dilimizə Türk dili statusu verilib. XX əsrin 37-ci ilindən sonra türk dili Stalinin diktəsi ilə Azərbaycan dili adlandırılıb.

Dilimizin hərtərəfli inkişafında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Mövcud real  tarixi şəraitin çətinliklərinə rəğmən dilimizin adı türk dili olmasa da coğrafi ada uyğunlaşdırılmaqla Azərbaycan dili dövlət statusu səviyyəsinə qaldırılıb.  “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”- deyən ulu öndərimiz  Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi tədqiqat materialları və kitablar nəşr olunmuşdur.

Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin qəbul etdiyi  “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın qrafikası tətbiq olunmuşdur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 cü il 12 yanvar tarixli Sərəncamı ana dilimizə dərin ehtiramın ifadəsidir.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Aytən Məmmədli, YAP Ağstafa rayon təşkilatının məsləhətçisi