23 Dekabr 2024

Cavan kadr cildində…canavarlar

Bu, sadəcə pul yığmaq görməmişliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq  deyil, həm də dövlət siyasətinin sabotajdır, sarsıdılması əməlidir!

Koronavirus xəstəxanalarının baş həkimlərinin həbsi səhiyyə sistemində korrupsiyanın daha da irəlilədiyini, tibbi dillə desək, hətta çoxdan irinlədiyinin sübutudur. Həbs edilən baş həkimlərin karyeralarına baxırsan, adam heyrətə gəlir. Yaxşı təhsil, xarici ölkələrdə praktika, prestijli hospitallarda baş həkimlik, elmi işlər və… Sonda bu boyda ləkə!

İndi deyirlər ki, bu biabırçı faktlar barədə əvvəldən də cəmiyyətdə söz-söhbət varmış. Bəs niyə susublar? Xəstə yaxınını bəlkə də anlamaq mümkün- doğmalarının hayında olublar. Bəs, bu xəstəxanaları bir yoxlayan, bir zarıldayan, şikayət edənə qulaq verən yoxmuşmu? “Mış”, “miş”… daha kimin nəyinə lazımdır bunlar?

Bu da cavan kadr(lar)… “Ölkədə cavanlara yol açmaq lazımdır” deyib boğazımızı yırtırıq, budurmu cavan dediyimiz kadrlar? Bu adamlar cavan deyilmiş, canavarlarmış… Xəstə yaxınlarının ciblərini, həm də duyğularını acımasızca sümürən canavarlar…Bəli, o qədər vicdanlı, əqidəli, gözütox, milli olan cavan kadrlar da var ki… Amma bir çox savadlı gənc kadrlar iş tapa da bilmir, millətə alnıaçıq xidmətə tamarzıdır.  Bu arxalı cavanlar isə dövlətin onlara verdiyi görəvi, məsuliyyəti beş-on manata dəyişəcək qədər tamahkar…

Başqa maraq edilən suallar da var: bu pulu necə ailələrinə aparırlar, necə uşaqlarına hədiyyə alırlar, necə gecə rahat yatırlar? Bu, əlbəttə, mənəviyyat məsələsidir. Acı dilli həkim olar, özündən razı həkim olar, lap savadı az olan həkim də olar, amma vicdansız və ürəksiz həkim olmaz! Bunlar ürəksiz və vicdansız olublar.  Amma arxasız olmayıblar. Yoxsa dövlətin müalicə müəssisəsində açıq bazar açmağa risk etməzdilər.

Marketdəki kassir müştəridən 10 qəpik artıq ala bilməz, rəhbərlik onun gözünü oyar. Bu adamlar isə hamının gözü qarşısında rüşvət alıblar, siyahılar tutublar, xəstələri “pullu”-“pulsuz” deyib sortlara, həm də “yaxşı”-“pis”  palatalara ayırıblar. Pullu xəstələrə VİP otaqlar verilib, yaxşı müalicə vəd edilib. Başqaları da qalıb yəqin digər həkimlərin, tibb personalının vicdanına. İndi kim deyə bilər ki, iki ağır xəstə gələndə reanimasiyaya pul aldıqlarını salıb, o biri yetimi taleyin ümidinə buraxmayıblar? Bu əgər belə olmayıbsa, artıq kimsəni bunun əksini inandırmaq da çətindir. Bu korona qədər təhlükəli və yoluxdurucu rüşvət həbsləri ölkənin onsuzda “xəstə” olan səhiyyəsində daha bir yara açdı, etibarını ciddi zədələdi.      

Həkimlərin xəstədən pul alması, əlbəttə indinin problemi deyil. Bu sovet səhiyyə sisteminin gətirdiyi bəladır, kimlərsə qurtulub, biz isə qurtula bilməmişik. “Pul verməsək, xəstəmizə yaxşı baxmazlar” deyib, borc-xərc qapıçıdan tutmuş xadiməyədək pul vermişik, indi də yolumuz düşəndə veririk, buna həm də məcburuq, lap dəqiqi bir az da psixoloji olaraq məhkumuq.  

Amma bu koronavirus axı başqa bir bəladır. Dünyanı və bizi elə bir yerdə yaxalayıb ki, bundan sonra da nə edəcəyimizi hələ də bilmirik. Sabah nə olacaq, bu bəlanın nə vaxt bitib-bitməyəcəyi də bir müəmma… Bu dünyanı bürüyən bəlada bir ölkə həkimləri vaksin tapır, bir ölkə virusoloqları gecə-gündüz bilmədən yeni müalicə metodları işləyir. Bizim tibb elminin bu mübarizəyə heç nəylə qatqısı yoxdur. Amma sən demə, “varmış”… Koronavirus bəlasına düçar olanlardan pul qazanmaq!

Həbslərlə bağlı əməliyyat çəkilişlərinə baxdınızmı? Heç biri iş otağında həkim xalatında deyildilər. Məmur kimi, nazir kimi, lap bazarkom kimi…

Kimsiniz axı sız? Bu xalqın canı yanıb, 3 minədək nər kimi övladlarını torpağa verib, nə qədəri hələ də xəstəxana palatalarındadır. Dövlət bütün imkanları ilə koronavirus bəlası ilə mübarizədə də vətəndaşının, yaralısının, qazisinin yanındadır. Bunlar kimin yanındadır? Kimdir bu adamlara “çapın-talayın” əmri verənlər? Axı bu koronavirus da bir müharibə kimidir, inanmırsız, itkilərimizin sayına baxın…Onların sırasında neçə-neçə vicdanlı həkimlərimiz də var axı…Hələ biz çox şükürlüyük, ən qüdrətli dövlətlər belə bu bəlada ağır itkilər verməkdə davam edirlər.   

…Bu, sadəcə pul toplamaq görməmişliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlət siyasətinin sabotajdır, dövlətə inamın sarsıdılması əməlidir! Mənim qiymətləndirməm budur…

Nazim SABİROĞLU,
Musavat.com