25 Aprel 2024

Bu rayonlarda otel yoxdur: “Regionların turizm potensialı deyilən kimi deyil”

“Azərbaycan regionlarının turizm potensialı deyilən kimi deyil, cəlbedicilik yoxdur. Cəlbedici olmadıqları üçün də təlabat yaranmır. Təlabat yaranmadıqda otellərin yaranmasına ehtiyac qalmır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ağdam, Hacıqabul, Neftçala, Qobustan, Samux, Siyəzən, Ucar rayonlarında mehmanxanaların fəaliyyət göstərməməsinin səbəblərini izah edərkən deyib.

Ekspertin fikirincə, rayonlarda normal yanaşma olsaydı, turizm potensialını artırmaq üçün obyektlərə təlabat yaranardı:

“Ağdamla bağlı vəziyyət budur ki, orada hər hansı mehmanxananın fəaliyyət göstərməməsi o qədər də təcüblü deyil. Digər rayonlara gəlincə, Qobustanda tarixi abidələr, Neftçalada Kür çayı, digər rayonlarda təbiət mənzərələri var. Ümumiyyətlə, Azərbaycanda turizm sahəsində ciddi problemlər var və onlar bu gün də qalmaqdadır”.

Natiq Cəfərli hesab edir ki, bu problemlərin aradan qaldırılması üçün turizmə biznes yanaşmasına ehtiyac var:

“Bizdə turizm dövlət dəstəyi ilə inkişaf edir, iri otellər tikilir. Onların cəlbediciliyi və rentabelli işləməsini görmürük. Yəni, bu biznes layihəsinə çevrilməyib”.

Natiq Cəfərli bildirib ki, turizmin biznes sahəsinə çevrilməsi üçün daha çox azadlıqlara ehtiyac var:

“Ən azından quru sərhədlərin açılmasına ehtiyac var”.