25 Aprel 2024

Biz həmişə kişi kimi vuruşmuşuq

“QƏHRƏMANINI TANI” rubrikasının bu günkü qonağı Birinci Vətən müharibəsinin qazisi Çingiz Hüseynovdur.
Çingiz Hüseynov 1971-ci il may ayının 5-i Bərdə rayonunun Əliyanlı kəndində zəhmətkeş Hüseynovlar ailəsində dünyaya göz açıb.1978-ci ildə Bərdə rayonu Əliyanlı kənd orta məktəbinə daxil olub. Məlum sovet dönəminin çatışmamazlıqları, maddi durumun zəif olması, çoxuşaqlı ailədə doğulan biri kimi Çingizin həyatından da yan ötməyib.

Çətinlik, zəhmət dolu bir uşaqlıq həyatı yaşayıb. Çingiz Hüseynov 1978-ci il orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 1986-cı ildə Bərdə rayonunda yerləşən 47 saylı texniki peşə məktəbinə daxil olub. Burda divar, hörgü ustası təhsili alıb və 1989-cu ildə peşə məktəbini bitirdikdən sonra Sovet İttifaqının nəzdində olan indiki Belarusiya respublikasının Polotsk şəhərinə hərbi xidmətə yollanıb. 1991-ci ildə hərbi xidməti başa vuraraq Azərbaycana qayıdıb. Hələ təzə hərbi xidmətdən qayıdan Çingiz 1992-ci ildə 1-ci Qarabağ savaşının başlanması ilə könüllü olaraq ordu sıralarına yazılır və Fizuli rayonunun Qacar kəndində yerləşən N saylı hərbi hissəyə yollanır. Burada o, topçu bölüyü ilə müharibənin ən qızğın əməliyyatlar gedən nöqtələrində döyüşlərə qatılır. Elə hərbi əməliyyatlar olurki, girdiyi döyüşlərdə yanında çoxlu sayda döyüş yoldaşları şəhid olur. Qəhrəmanımızla söhbətdə sözləri seçə-seçə danışan Çingiz Hüseynov bildirir ki, elə döyüş əməliyyatlarına qatılır, hansıki, o döyüşlərin məxfiliyi hərbi sirr olduğuna görə üstündən illər keçsə də, o haqda danışmaq yasaqdır.

Çingiz Hüseynov:
-Müharibənin çox ağır və psixoloji cəhətdən ağır çətinlikləri var. Bir döyüşçü kimi qorxmamışıq desək, yalan olar, əslində cəsarətli olmuşuq. Cəsarət qorxmamaq deyil, qorxsaq belə, qorxunun üzərinə yeriməkdir. Nə qədər gənc qardaşlarım, qəlbində min-bir arzusu olan cavanlar şəhid oldu. Ancaq etiraf etməliyəmki, biz həmişə kişi kimi vuruşmuşuq və içimizdə həmişə bir ümid olubki nə vaxt da olsa qəhrəmanlarımızın qanının töküldüyü, biz qazilərin qanının axdığı, canımızın ağrı-acı duyduğu bu torpaqlara dönəcəyik. Mən təkcə Fizulidə yox, həmçinin Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində döyüşmüşəm. İlk döyüşə qatıldığım Füzulinin Birinci Qacar kəndində döyüş meydanından yaralı çıxararkən yaxınlığıma düşən top mərmisinin təsirindən 2-3 metr aralıya – qayalığın üzərinə yıxılıb belimdən zədə aldım. El dilində desək, düşündümki istidir və mənə bir şey olmayıb. Sıyrıqlarla qurtulduğumu düşündüm, sən demə onurğam ciddi şəkildə zədələnib və mən odun alovun içində psixoloji olaraq bunun çox da fərqinə varmamışam. Döyüş yoldaşlarım mənə dəfələrlə hospitala dönməyimi təklif etsələr də, çətinliklə yeriməyimə baxmayaraq Cocuqmərcanlıya gəlib burda döyüşlərə qatıldım, get-gedə burada ağırlaşdım və ayaqlarım tutuldu. Komandirlərim döyüşü davam elətdirə bilmədiyimi görüb, məni dərhal könüllü olduğum üçün döyüşdən azad elədilər. Çox təkiddən sonra məni evə göndərməyə qərar verdilər. Ara qarışıq, hərbi hospitallar yaralılarla dolu olduğu üçün evə gəlib müalicəmi evdə davam elətdirdim. Az müddətdən sonra ayağa qalxdımki, yenidən döyüşlərə qatılım, mənə hərbi komissarlıq tərəfindən
atəşkəs rejiminin elan olunduğu bildirildi. Neçə illərdir sümüklərimin ağrıları ilə yaşıyıram, ancaq fəxr edirəmki döyüşmüşəm.Vətənin uğrunda döyüşməmək ağrısı sümüklərimin ağrısından artıq olardı mənim üçün. Heç o vaxt gedib hansısa quruma döyüşüb yaralandığımı da demədim, utandım… Axı torpağım üçün vuruşmuşam, kimə minnət edib özümü sübut etməliydimki?! Mən öz qeyrətim üçün döyüşmüşəm, bunu bir ALLAH bilir, bəsimdir. Son illərdə nəinki qazilik, təkcə veteranlığımı almışam. Mən hələ 2007-ci ildə döyüşdə onurğamdan aldığım zədəyə görə əməliyyat olmuşam.Təsəvvür edin… 15 il sonra… Heç bir dərman ağrılarımı sakitləşdirmir. 30 ildən sonra yaşadığım Bərdə rayonunun Əliyanlı kəndindən 44 günlük vətən müharibəsində eşitdiyim mərmi səsləri məni o qədər riqqətə gətirirdiki, əlimdəki çəliyimi yerə basıb döyüşə atılmaq istəyirdim və o tank, top səsi elə bil 30 ildən sonra mənim ağrılarıma heç bir dərmanın vermədiyi sakitliyi bəxş etdi. Bu gün qürurluyamki əziyyət çəkdiyimiz o torpaqlarda bizim bayrağımız dalğalanır. Həm də sevincim odurki, mən də artıq əsgər atasıyam və oğlum şərəf, ləyaqətlə o formanı daşıyır. ALLAH bizə bir daha belə bir ağrı yaşatmasın, şəhidlərimizin ruhu şad olsun, dövlətimiz, millətimiz, bayrağımız var olsun! Var olsun ki, bizi yaşadanlar onlardır.

Çingiz Hüseynov Vətən, Bayraq, Torpaq sevgisindən elə qürurla danışırdı ki… İnsanın vətən yanğısı olmasa, danışanda gəldiyi riqqətdən tər-qan içində qalmazdı. Biz də deyirik, bəli, ALLAH sizin kimi bu vətənin igid oğullarını qorusun!!!Şəhidlərimizin ruhu şad olsun! Şanlı Azərbaycan ordusu, şanlı sərkərdə artıq doğma yurdda bayraq ucaldıb.Bu millətin nə qədərki belə qəhrəmanları var kürəyi yerə dəyməz, ünü dünyaya bərabər olar.
Yaşasın Şanlı Azərbaycan!!!

Fərid Əmiraslanov
“AYMEDİACOMPANY.AZ”

 / Дата: Bu gün, 13:00 / Просмотров: 27