27 İyul 2024

Şuşaya nə qədər turist gedib? – Rəqəm açıqlandı

Məlum olduğu kimi, bu il martın 18-dən Azərbaycanda yerli turistlərin Şuşa şəhərinə səfərləri təşkil olunur. Layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

Dövlət Turizm Agentliyinin tərəfdaşı olan “Summer tour” şirkətinin turizm departamentinin rəhbəri Səltənət Məmmədova Musavat.com-a bildirdi ki, “Şuşa şəhərinə turist səfərlərinin təşkili” layihəsi üzrə ilk turistik səfərin icra edildiyi 18.03.2023-cü il tarixindən hazırki vaxta qədər Şuşa şəhərinə ziyarət edən turistlərin sayı artıq min nəfəri keçib: “Səfərdə yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. Səfər üzrə icazələr “Summer Tour Azerbaijan”, Dövlət Turizm Agentliyi və aidiyyəti qurumların əməkdaşlığı şəraitində əldə edilir.
Vətəndaşlar əraziyə yalnız tur üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində daxil ola bilərlər. Alınmış icazə yalnız cari tur və onun tarixləri üçün keçərli olur. Növbəti tura yenidən icazə alınması üçün müraciət edilir”.

Qeyd edək ki, 2 və 3 günlük turlarda Şuşada hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur. Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar bir gün gecələmə ilə 215 manata, 3 günlük turlar isə iki gün gecələmə ilə 370 manata başa gəlir.
Səfərlərdə iştirak edən bələdçi və sürücülər xüsusi təlimlərdən keçiblər. Subagentlərin istifadəsinə verilmiş Şuşa üçün xüsusi yaradılmış veb səhifəyə maarifləndirici videolar, qadağalar və davranış qaydaları yüklənib.

Nigar HƏSƏNLİ
Musavat.com