22 Dekabr 2024

Brüssel görüşünün gündəliyini Azərbaycanın 5 maddəlik təklifi formalaşdırıb

2020-ci ilin 27 sentyabr tarixində başlayan və eyni ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin birgə bəyanatı ilə sona çatan İkinci Qarabağ müharibəsi sadəcə Azərbaycan və Ermənistan üçün yox ümumilikdə bütün Cənubi Qafqaz və bölgəyə marağı olan dövlətlər üçün yeni geostrateji reallıqlar yaratdı. Yeni yaranmış vəziyyətdə Azərbaycanın bölgənin lider dövləti olduğu və bundan sonra şərtləri diktə edən tərəf olduğu ilk nəzərə çarpan reallıqlardan biridir. Post-müharibə dövründə baş verən hadisələr də bunu sübut edir ki, hazırda Azərbaycanın razılığı olmadan bölgədə hansısa addımlar atmaq, qərarlar qəbul etmək demək olar ki, mümkünsüzdür. Bəli, bu gün Azərbaycan bəlkə də tarixdə heç vaxt olmadığı qədər güclüdür. İstər hərbi güc baxımından, istərdə də beynəlxalq arenada öz sözünü demək, siyasətini yeritmək baxımından bu belədir. Bütün bunlar isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzu, düzgün və dəqiq hesablanmış siyasəti, qəti və prinsipial mövqeyinin nəticəsidir.

Beləliklə, İkinci Qarabağ müharibəsindən sonra “məğlub ölkə”, “məğlub xalq” sindromundan yaxa qurtaran ölkəmiz zəfərlərlə dolu yeni bir mərhələyə qədəm qoydu. Bu mərhələdə dövlət başçımızın rəhbərliyi ilə əldə olunan diplomatik uğurlarımız xüsusilə diqqətə layiqdir. Qeyd edək ki, müharibədən sonra iki ölkənin rəhbərləri səviyyəsində bir neçə üçtərəfli görüş olmuşdur ki, bu görüşlərin hər biri Azərbaycanın gündəliyinə uyğun nəticələrlə yekunlaşaraq tariximizə diplomatik zəfərlər olaraq həkk olunmuşdur.  İstər 26 noyabr 2021-ci il tarixli Soçi görüşü, istər 14 dekabr 2021-ci il tarixli Brüssel görüşü, istərsə də 06 aprel 2022-ci il tarixli görüş bu mənada istisna təşkil etmir. Xüsusilə sonuncu görüşə yaxından nəzər salaq.

Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşü 14 dekabr tarixli Brüssel görüşünün davamı kimi səciyyələndirsək yəqin ki, yanılmarıq. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun yaradılması kimi məsələlərin müzakirə edildiyi görüş əldə olunan konkret nəticələr baxımından məhsuldar hesab olunur. Şarl Mişel görüşdən sonra jurnalistlərə müsahibə verərək bildirmişdir ki, biz bu gecə böyük bir irəliləyişə nail olduq. Görüş nəticəsində əldə olunan iki əsas razılıq aşağıdakılardan ibarətdir:

İlk olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlamasına dair razılıq əldə edilib. Bu barədə hər iki ölkənin xarici işlər nazirlərinə uyğun tapşırıq verilib.

İki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarətdir.

Diqqətlə baxdıqda aydın olur ki, Brüssel sülh görüşünün gündəliyi Prezident İlham Əliyevin postmünaqişə dövrü üçün irəli sürdüyü təkliflərin tərkib hissəsidir. Hər birimiz xatırlayırıq ki, ötən dövrdə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən sülh sazişi ilə bağlı Ermənistana 5 maddəlik təklif göndərilmişdi. Bu təkliflər əsasən dövlətlərin bir-birlərinin ərazi bütövlüyü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılışı kimi təməl şərtlərdən ibarət idi. Brüssel görüşü nəticəsində əldə olunanlarda görüşün məhz bu prinsiplər üzərində qurulduğunu deməyə əsas verir. Beləliklə, yazının əvvəlində qeyd etdiyimiz kimi bu gün şərtləri Azərbaycan tərəfi diktə edir. Qalib ölkənin Prezidenti olaraq cənab İlham Əliyev isə istənilən görüşdə və platformada milli maraqlarımızı ən yüksək səviyyədə müdafiə edir.

Görüşdə əldə olunan nəticələr qədər, səsləndirilməyən fikirlər də diqqətə layiqdir. Belə ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonra yaydığı bəyanatda və  üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə verdiyi müsahibədə “Dağlıq Qarabağ” və ATƏT-in Minsk qrupu kimi ifadələrə yer verməməsi Azərbaycan üçün gözlənilən olsa da, Ermənistan üçün əsil şok effektinə səbəb oldu. Çünki, Ermənistan hələ də mövcud reallıqları düzgün qiymətləndirmir və elə hesab edir ki, qondarma Dağlıq Qarabağ cəfəngiyyatı kimlər üçünsə maraqlıdır. Reallıq isə tamamilə fərqlidir. Azərbaycan artıq öz gündəliyini bütün dünyaya, o cümədən bu məsələnin ədalətli həllində maraqlı tərəflərə qəbul etdirib. Bundan sonra yəqin ki, bu məsələnin həllinə çalışan heç bir ağıllı təşkilat və ya şəxs bu cəfəngiyyatı yada salmayacaq. ATƏT-in Minsk qrupunun artıq tarixin tozlu səhifələrinə basdırılmış vasitəçilik missiyası da bu mənada istisna təşkil etmir. Yada salaq ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli ilə bağlı idi. Bunun üçün həmsədrlərin kifayət qədər çox – az qala 30 il – vaxtı var idi. Ancaq son nəticədə onlar bu vaxtı tamamilə mənasız turist səfərləri ilə keçirdi və münaqişənin həlli Azərbaycanın öz gücünə baş verdi. Bu gün artıq belə bir münaqişə yoxdur. Deməli, ATƏT-in Minsk qrupuna da ehtiyac yoxdur. Ermənistan tərəfinin bu “ölü” qurumu diriltmək cəhdi isə boş xəyalpərəslikdən başqa bir şey deyil.

Sonda qeyd edək ki, Azərbaycan və Ermənistan arasında vasitəçi rolunda yeni oyunçu siyasi səhnədə fəallıq göstərir. Aİ-yə etimad kifayət qədər yüksəkdir. Ümid edirik ki, Aİ ona olan ümidləri doğruldaraq iki ölkə arasında ədalətli mövqe tutacaq və bölgənin gələcəyi naminə öz maraqlarını da nəzərə alaraq vasitəçilik missiyası prinsiplərinə sadiq qalacaqdır.

Səadət İsmayılova,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri