23 Dekabr 2024

Birlik və qardaşlığın silinməz “Yol xəritəsi” – İki liderin Bakıdan ortaq tarixi mesajları

Paytaxtımızda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə sarsılmaz və əbədi olduğunun dünyaya daha bir əyani nümayişi, qeyri-dost çevrələrə özlərini yığışdırmaq üçün növbəti ismarış oldu. Çünki bu sıradan bir olay, tədbir deyildi. Festivalda iki qardaş məmləkətin hərbi-siyasi rəhbərliklərinin ən yüksək səviyyədə təmsilçiliyi bunun bariz təsdiqi sayıla bilər.

Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcib Tayyib Ərdoğanın tədbirə qatılması, iki liderin möhtəşəm çıxışları, Türk dünyasına, ümumın dünyaya ünvanlı mesajları, habelə qaliblərin təltif olunma mərasimində iştirakları festivala həm mühüm və bənzərsiz siyasi rəng qatdı, həm də silinməz möhürünü basdı. Beynəlxalq miqyasda, bizə yaxın bölgədə gedən mürəkkəb, təhlükəli proseslər fonunda bu, gerçəkdən də çox əhəmiyyətli, yerinə düşən, iki Türk dövlətinin yeni qlobal təhdid və çağırışlara qarşı ortaq birliyinin və sarsılmaz ittifaqının unikal örnəyi oldu.

Bu mənada İlham Əliyevin festivaldakı çıxışı tarixi hesab edilə bilər. Prezidentin iki qardaş ölkə arasında bütün sahələrdə – istər hərbi sahə olsun, istərsə də siyasi-diplomatik, iqtisadi-humanitar, yaxud mədəni-texnoloji sahələr – bütün sferalarda ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu xüsusi qabartması, “Türkiyənin artan gücü bizim gücümüz, bizim gücümüz Türkiyənin gücüdür” tezisinə diqqət çəkməsi əlbəttə ki, boşuna deyildi və təkcə daxili auditoriyaya ünvanlanmamışdı.

Əliyev və Ərdoğanın məhz 28 Mayda – Azərbaycanın Müstəqillik Günündə, Bakıda bir araya gəlməsinin də özəl anlamı var idi. Azərbaycan liderinin vurğuladığı kimi, bu, “Bir millət – iki dövlət”in 104 il öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü idi.



“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır” deyən İlham Əliyev bununla həm də müstəqilliyimizin qardaş Türkiyə ilə sarsılmaz ittifaqda əbədi olacağının mesajını verdi. “30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 ildə bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir” söylədi.

Bu, ən əvvəl qeyri-dost çevrələrə, hələ də əleyhimizə məkrli planlar quran bəzi paytaxtlara aydın mesaj və ciddi xəbərdarlıqdır təbii ki. Şuşa Bəyannaməsi də iki Prezident tərəfindən heç də boşuna yada salınmadı. Ona görə ki, iki dövlətin parlamentlərinin də təsdiqlədiyi, düşmənlərə göz dağı olan həmin sənədlə Azərbaycanla Türkiyə artıq rəsmən hərbi müttəfiqə çevrilib.

“Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində… Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq”.

Bunu da İlham Əliyevin festivaldakı çıxışında təsadüfən söyləmədi və haqlı olaraq qeyd elədi ki, 2-ci Qarabağ savaşı zamanı Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh, ilham və inam vermiş oldu: “Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Çıxışının davamında isə bildirdi: “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər Paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.

Doğrudan da, artıq bizi istəməyən dairələr belə, qəbul edir ki, Türkiyə-Azərbaycan tandemi regionda sülh və sabitliyin, inkişaf və rifahın əsas qarantına, erməni separatizmi və faşizmini əsas önləyici faktoruna çevrilib. Bu reallıq fonunda İlham Əliyevin aşağıdakı sözləri xüsusi məna kəsb edir: “Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.

İki qardaş ölkənin sarsılmaz birliyi isə əlbəttə ki, ilk növbədə konkret simalara – uzaqgörön və müdrik liderlərə, Türk dünyasının böyük oğullarına, dəyərli insanlarına, o sırada alimlərinə borcludur. Onların əməl və fəaliyyətləri, yaratdıqları örnəklər, qazandıqları uğurlar şübhəsiz, gələcək nəsillər üçün mayak rolu oynayacaq.

Odur ki, Azərbaycan Prezidenti bu məqama da təsadüfən diqqət yönəltmədi: “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”.

Ardınca çıxış edən qardaş Türkiyənin rəhbəri, Türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğan səslənən tezisləri bir az da gücləndirdi, inkişaf etdirdi. Birlik və qardaşlığımızın əbədi olmasına nümunə kimi 1915-ci il Çanaqqala zəfərini yada saldı, “1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” dedi, Şuşa Bəyannaməsini xatırladaraq, sənədin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını söylədi (Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub): “Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı”.

Yaxud qardaş ölkə liderinin çıxışındakı belə bir sitat: “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir”.

Faktiki qlobal gücə çevrilən, xaricdən silah asılılığı olan ölkədən sürətlə silah tədarükçüsü olan bir dövlətə çevrilməkdə olan qardaş Türkiyənin Prezidentinin Bakıda söylədiyi bu sözləri Azərbaycan üçün ikiqat önəmdədir və sözsüz ki, öz milli maraqlarımızı irəli aparmaqda, hərbi qüdrətimizi durmadan artırmaqda və bölgədə ayağımızı daha möhkəm basmaqda bizə əlavə güc, inam verir, verəcək.

Ədoğanın vurğuladığı kimi, biz əlbəttə ki, bir millətin övladlarıyıq: “Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir”.

Nəhayət, Ərdoğanın bu mesajını da bədxahlarımız unutmamalı, nə qədər gec deyil Bakı və Ankaranın uzatdığı sülh əlini sıxmalıdır: “Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”.

Əlbəttə, kim bu hədəflərə doğru yolda bizimlə, Türkiyə və Azərbaycanladırsa, mütləq inkişafa və rifaha çatacaq, əks halda Ermənistan kimi bölgənin “izqoy” (“tullantı”) ölkəsi olaraq qalacaq. Bakıdan iki böyük Türk liderin verdiyi bir ortaq mesaj da məhz bu idi…