01 Mart 2024

Bərdədə yasda bədbəxt hadisə: Həyatını itirən və xeyli yaralı var – YENİLƏNİB

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

“1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir”, – məlumatda qeyd edilib.

***

15:34

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb: “Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir”.

***

14:21

TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.

TƏBİB-dən bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

——-

13:56

Bərdənin Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Bu barədə məlumatı “Report” yayıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.