23 Dekabr 2024

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi bölgə mediasının nümayəndələri ilə görüşüb

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova  kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Media1.az xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım  Möhsümova mayın 13-də İctimai Televiziyanın , Xəzər, Bakutv, Azərtac, Arantv, Media1, Speystv, Bizim media.az, Kür qəzetinin , Medianews. 26 news, Eltv, 32 kanal.az-ın təmsilçiləri ilə görüşüb. Jurnalistləri salamlayan Vəsilə xanım Möhsümova bildirib ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ötən 146 ildə böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb. Eyni zamanda gündəlik həyatımızda KİV-nin rolunu yüksək qiymətləndirən idarə rəisi mətbuatı cəmiyyətin güzgüsü adlandırıb.

İdarə rəisi Vəsilə xanım Möhsümova qeyd edib ki, Azərbaycan mətbuatı keçmiş Sovetlər İttifaqı dövründə də öz milliliyini qoruyub saxlayıb , Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb, məhz bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

“Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.”- deyə Vəsilə xanım Möhsümova  vurğulayıb.

Regional idarənin rəisi Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsindəki rolunu, həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Prezident İlham Əliyevin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.

Tədbirdə çıxış edən jurnalistlər media nümayəndələri ilə görüşün təşkilinə görə Vəsilə xanım Möhsümovaya təşəkkürlərini bildirərərək keçirilən dəyirmi masanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Habelə, qeyd edilib ki, KİV nümayəndələri ilə belə görüşlər regional idarənin media ilə əməkdaşlığında körpü rolunu oynayacaqdır.

Diskusiya zamanı media nümayəndələri bir sıra məsələlərlə bağlı təklif və təşəbbüslər irəli sürmüşlər. Qarşılıqlı olaraq səslənən fikirlərə hörmətlə yanaşılmış, gələcəkdə əməkdaşlıq sayəsində birgə fəaliyyətlərin zəruriliyi vurğulanmışdır.

Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova jurnalistlərlə xatirə şəkli çəkdirib.