25 Fevral 2024

Bakıda sərnişinlər sürücünü boğmağa cəhd ediblər

Bakıda sərnişinlər sürücünü boğmağa cəhd ediblər.

Bu barədə Media1.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 22-də saat 22 radələrində Yasamal rayonu ərazisində “Khazar” markalı bir avtomobildə olan 2 sərnişinin sürücünü arxadan əllə boğmağa cəhd göstərmələri, bu zaman sürücünün avtomobili tərk etməsi və həmin şəxslərin nəqliyyat vasitəsini qaçırmaları barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan şəhəri ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə quldurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Ağsu rayon sakini Vasif Mikayılov və Abşeron rayon sakini Bəymurad Ənvərli müəyyən olunaraq saxlanılıblar.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.