23 Dekabr 2024

Bakı çimərliklərində “Sıfır Tullantı” layihəsi başlayır

Çimərlik mövsümündə sahilyanı ərazilərdə qablaşdırma tullantılarının azaldılması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə “Sıfır tullantı” (Zero Waste) layihəsinin icrasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə baş tutan layihə “Coca-Cola” və “Carlsberg Azerbaijan”-nın (Baltika Sıfır) dəstəyi, “EcoHub” ekoloji platformasının icraçı partnyorluğu ilə icra olunur.

“Sıfır tullantı” (Zero Waste) layihəsinin məqsədi yay mövsümündə Bakı və Abşeron ərazisində çimərliklərdə fəaliyyət göstərən müəssisələrdə, kafe və restoranlarda istifadə olunan qablaşdırma tullantılarının miqdarını azaltmaq və onların toplanaraq təkrar emala cəlb olunmasını təmin etməkdir. Qeyd edək ki, bu layihə tullantıların idarə edilməsində qabaqcıl beynəlxalq təcrübə hesab edilən İstehsalçıların Genişləndirilmiş Məsuliyyəti (İGM) konsepsiyasına uyğun olaraq həyata keçirilir. Layihədə ekokönüllülərin və “EcoHub” könüllülərinin geniş iştirakı nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Nazirlik İGM konsepsiyasını sınaqdan keçirmək məqsədi ilə “Coca-Cola” və “Carlsberg Azerbaijan” şirkətləri və digər tərəfdaşlar ilə birlikdə qablaşdırma tullantılarının ətraf mühitə təsirinin qarşısının alınması və azaldılması üzrə müxtəlif pilot layihələr həyata keçirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini çimərlik ərazilərini tullantılarla çirkləndirməməyə və Xəzər dənizini qorumağa çağırır.