23 Dekabr 2024

“Azərsun”un 6 aylıq yağ ehtiyatı əriyib getdi: qəsd, yoxsa səhlənkarlıq?

Holdinqin Ukraynaya humanitar yardım göndərməsindən sonra dəhşətli alov 5-6 aylıq yağ ehtiyatını havaya sovurdu; ekspertlər müxtəlif versiyalar səsləndirir – bahalaşma qaçılmazdır…

Aprelin 28-də “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş dəhşətli yanğın ölkənin qida sənayesinə ciddi şəkildə zərbə oldu. “Yeni Müsavat” məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) gördüyü tədbirlər nəticəsində yanğın aprelin 29-u səhər saatlarında söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu hadisənin başvermə səbəblərini araşdırır. Alov təxminən 5 000 kv.m sahəni əhatə edib.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Bu haqda TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib. O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır: “Həyatları üçün heç bir təhlükə yoxdur. Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”. “Azəriqaz”ın yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə bildirib ki, dəymiş zərər aparılacaq tədqiqat işlərinin nəticələrinə görə müəyyən ediləcək.

Zavodda 6 aylıq yağ ehtiyatı yanıb, zərər 10 milyonlarla ölçülür”

Yeri gəlmişkən, “Azərsun Sənaye Parkı”da baş vermiş yanğına görə sığorta ödənişi veriləcək. Bunu holdinqə məxsus, Parkın sığorta olunduğu Azərbaycan Sənaye Sığorta ASC-nin İdarə Heyətinin sədr müavini Samir Məmmədov bildirib. Bununla belə, o, sığorta ödənişinin məbləği barədə konkret açıqlama verməyib və bu rəqəmin dəymiş ziyan hesablandıqdan sonra məlum olacağını deyib.

Bu arada yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub. APA yazıb ki, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Məlumata görə, fabrik bir neçə aydır bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş: “Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.

Azərsun Sənaye Parkı”ndakı yanğına görə sığorta ödənişi veriləcək

Bundan başqa, yanğınla bağlı müxtəlif versiyalar, mülahizələr, qeyri-rəsmi iddialar səslənməkdədir. Yanğının sui-qəsd olduğuna diqqət çəkənlər, belə bir versiya ehtimalını irəli sürənlər də var. Misal üçün, Ukraynanın Bakıdakı səfirinin hadisədən 1 gün əvvəl Sumqayıtda olması, icra başçısına ölkəsinə dərman və qida dəstəyinə görə təşəkkür etməsindən sonra yanğın baş verməsini təsadüf saymayanlar var və bu haqda sosial şəbəkədə yazırlar. Lakin o da qeyd edilir ki, parkın ərazisində antisanitariya həmişə tüğyan edib. Həmçinin bu cür məhsulların yalnız bir anbarda toplanması da yanlışlıq kimi qiymətləndirilir.

Natiq Cəfərli: "Milli Şura rəhbərliyindən üzr gözləyirik"

Natiq Cəfərli

Hazırda dünya bazarında yağ çatışmazlığı yaşandığı və bu səbəbdən qiymətlərin bahalaşdığını bildirən ekspertlər “Azərsun Sənaye Parkı”ndakı yanğının da daxili bazarda qiymət artımına səbəb ola biləcəyini istisna etməyiblər. REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, “Azərsun” kimi böyük şirkətə müxtəlif formalarda ziyan dəyirsə, bunun ölkə bazarının istehsal və intensivliyinə, mal və məhsul təchizatıyla bağlı sahələrə müəyyən təsirlərinin olacağı qaçılmazdır: “Amma ziyanın dəqiq həcmi ilə bağlı rəsmi məlumat veriləndən sonra bununla bağlı müxtəlif hesabatlar aparmaq mümkündür”.

N.Cəfərli xatırladır ki, Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib: “Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub, ərzaq konservlərini ”Azərsun” şirkəti istehsal edir. Bu gün isə şirkətin anbarlarında böyük yanğın olub – təsadüfdürmü?! Bilmirəm, ola bilər, amma olmaya da bilər. Çox ağır zamanda yaşayırıq. Hamımız – hökumət də, müxalifət də, toplum və media da daha məsuliyyətli olmalıdır. Bu dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq, nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır…”

Mühafizə sistemi haqqında nə bilirik? - Elmar Nurəliyev - MÜSAHİBƏ

Elmar Nurəliyev

Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev hesab edir ki, bu cür genişmiqyaslı yanğınlar belə müəssisələr üçün xarakterikdir. Ekspertin fikrincə, belə obyektlərdə baş verən yanğına vaxtında ilkin müdaxilə olunmaması, yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması çox genişmiqyaslı yanğınlara gətirib çıxara bilər: “Təhlükə riski yüksək olan bu cür sənaye müəssilərində yanğın təhlükəsizliyi qaydalarına çox ciddi riayət etmək, müasir texnologiyanın xidmətlərindən faydalanmaq lazımdır. Çünki burada istifadə olunan qurğular, mühərriklər, avadanlıqlar, mexanizmlər, mürəkkəb mühəndis konstruksiyaları, xammal, ehtiyat üçün saxlanılan yanacaqlar oda qarşı çox həssasdır. Zavod, fabrik, istehsal və sənaye müəssisələri, anbarlarda işçilərdən ibarət yanğınsöndürən qrup fəaliyyət göstərməlidir. Belə müəssislərdə kimyəvi tərkibli tullantılar, məişət və xammal tullantıları eyni yerə atılmamalıdır. Bunların daşınması xüsusi qaydada həyata keçirilməlidir”.

E.Nurəliyev deyib ki, “Azərsun”da baş verən yanğının hündürlüyü, yüksək istilik, partlama təhlükəsi olduqca yüksək olub: “Bu cür yanğınları söndürmək peşəkarlıq tələb edir. Hətta yanğın bir neçə gün davam edə bilərdi. FHN tərəfindən çox peşəkar yanaşma oldu. Belə genişmiqyaslı yanğında insan tələfatının olmaması da böyük uğurdur”.