15 İyun 2024

Azərbaycanda korrupsionerlərin yuxusunu ərşə çəkəcək SƏNƏD HAZIRLANIR

Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.

Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb. Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Tanınmış vəkil Əkrəm Həsənov Musavat.com-a deyib ki, bir sıra ölkələrdə korrupsiya cinayətləri haqda məlumat verən şəxslərin mükafatlandırılması praktikası var: “Mükafatlandırma ilə yanaşı korrupsiya cinayətləri barədə məlumat vermiş şəxslərin müdafiəsi də nəzərdə tutulur. Korrupsiya ilə elə vəzifəlilər məşğul olur ki, onlara qarşı getmək təhlükəlidir. Bir çox hallarda korrupsiya ilə mübarizə aparanların özləri korrupsiya ilə məşğul olur. Buna görə də həvəsləndirmə, müdafiəyə çox böyük ehtiyac var”.

Əkrəm Həsənov deyib ki, qanunun tətbiqi elə də asan olmayacaq: “Qanunda mükafatlandırma nəzərdə tutulursa, müdafiə məsələləri də nəzərdə tutulmalıdır. Bəs faktiki müdafiə olacaqmı? Əsas sual budur! Sovet zamanında çəkilmiş “İstintaq” filmi o zaman ölkədəki ictimai məsələləri cəsarətlə qaldıran film idi. Film vətəndaşlıq borcu və şərəfi kimi ciddi sosial, mənəvi-etik problemlərə toxunmuşdu. Baş qəhrəman müstəntiq Seyfi Qəniyev bir ölkədə fəaliyyət göstərən cinayətkar şəbəkəyə qarşı mübarizə aparır, hamı da ona deyir ki, əşşi, nəyinə lazımdır bu?! Başın ağrıyacaq və s…

Korrupsiya ilə mübarizə yuxarıdan gəlməli, dəstək olmalıdır ki, vətəndaş da özünü müdafiə olunmuş hiss edib, korrupsiya cinayətlərinin üstünü açmağa çəkinməsin”.

Əkrəm Həsənov irəli sürülən təklifin çox yaxşı olduğunu, lakin ictimaiyyətə ətraflı açıqlama verilməməsinin təəssüf doğurduğunu deyib: “Korrupsiya ilə mübarizə üçün çox yaxşı təklif irəli sürülüb. Bu sənəd mümkün qədər şəffaf hazırlanmalı, ictimaiyyət, ekspertlər, hüquqşünaslar da müzakirələrdə, sənədin hazırlanmasında iştirak etməlidir”.

Əkrəm Həsənov deyib ki, bu təklif yaxşı olsa da, Azərbaycanda korrupsiya ilə mübarizə üçün əsas məsələ deyil: “Azərbaycanda məmurlar gəlir bəyannaməsi vermirlər. Bilirsiniz ki, 2023-cü ildə 20 ilə yaxındır ki, Nazirlər Kabinetinin hazırlayıb ortaya çıxara bilmədiyi gəlir bəyannaməsi formasını hazırlayıb onlara göndərmişəm. 1 ilə yaxındır ki, Nazirlər Kabinetindən xəbər-ətər yoxdur. 30 sentyabr 2005-ci il tarixli 1003-IIQ №-li Qanunla Azərbaycan Respublikası “Birləşmiş Millətlər Təşkilatının Korrupsiya Əleyhinə Konvensiyası”na qoşulub. Konvensiyanın 8-ci maddəsinin 5-ci bəndində deyilir: “Hər bir iştirakçı Dövlət, lazım gəldikdə və öz daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq, dövlət vəzifəli şəxslər qismində onların vəzifələrinə münasibətdə maraqlar toqquşması yarada bilən, digərləri ilə yanaşı həmçinin qulluqdan kənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya faydaları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışır. 1 yanvar 2005-ci il tarixdən qüvvədə olan № 580-IIQ №-li “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 5-6-cı maddələrinə əsasən korrupsiyanın qarşısının alınması təbiri kimi vəzifəli şəxslər maliyyə xarakterli məlumatla təqdim etməlidirlər. 24 iyun 2005-ci il tarixli 945-IIQ №-li qanunla “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 278 №-li Fərmanının 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılıb ki, 2 (iki) ay müddətində həmin qaydaların 4.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin formasını və təqdim edilmə qaydalarını müəyyən etsin və bu barədə Prezidentə məlumat versin. Bu tapşırığın icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Prezidentin 27 fevral 2020-ci il tarixli 1859 №-li Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nm 1.4-cü bəndində Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə tapşırılmışdır ki, 2020- 2022-ci illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlər həyata keçirsinlər. Bu tapşırığın da icrası barədə ictimaiyyətdə məlumat yoxdur. Nəhayət, Prezidentin 4 aprel 2022-ci il tarixli 3199 №-li Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində Nazirlər Kabinetinə tapşırılmışdır ki, 2022-2026-cı illər ərzində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların elektron formada təqdim edilməsi işinin təşkili və qanunsuz varlanmaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər görsün. Ötən bir il ərzində bu tapşırığın da icrası barədə cəmiyyətdə məlumat yoxdur.

Qısası, vəzifəli şəxslər 20 ilə yaxındır ki, qanunun tələbinə baxmayaraq, maliyyə xarakterli məlumatları bəyan etmirlər. Bu da ölkədə korrupsiyanın çiçəklənməsinə yol açır. Xalqın xidmətçisi olan məmurların nə maaşı, nə də ümumən gəlir və xərcləri xalqa məlum deyilsə, korrupsiya ilə mübarizə yalnız deklarativ xarakter daşıyacaq.

Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrinin açıqlığı da təmin olunmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com