16 İyun 2024

İş adamlarından Prezidentə şok faktlar: Söhbət Zakir Fərəcov və Gündüz Əliyev cütlüyünün qanunsuz əməllərindən gedir

Sumqayıt şəhərində sahibkarlar Zakir Fərəcov və Gündüz Əliyev cütlüyünün əlindən sözün həqiqi mənasında qan ağlayırlar. Belə ki, sahibkarlar qolların çırmıyıb min bir zəhmətin bahasına Sumqayıt şəhərinə gözəllik bəxş etsələr də onların əməyi nəinki qiymətləndirilib, əksinə ciddi problemlə üzləşiblər. Söhbət o əməldən gedir ki, iş görən sahibkarlar 3 milyon manata yaxın halal zəhmət haqqlarını və sərf etdikləri mal – materiallarının pulunu indi ala bilmirlər . Məsələ ondan ibarətdir ki, əvvəllər icra başçısının müavini vəzifəsini tutmuş, hazırda Sumqayıt İH-də ərazi idarəetmə şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetinin baş müəllimi vəzifəsini tutan  Gündüz Əliyevə qahmar çıxan Zakir Fərəcov onu həbs riskindən kənar saxlasa da, bütün qanunsuz işləri də demək olar ki, onun əli ilə görüb. Belə desək, dosye qaldırılsa, hər yerdən Gündüz Əliyevin adı çıxacaq: istər sahibkarlara 3 milyona yaxın həmin vəsaitin qaytarılmaması, istərsə müxtəlif maxinasiyaların edilməsi, istərsə də klinikada olan yeyintilər…

Misal üçün indi təqdim edəcəyimiz bir fakt yetərlidir ki, Gündüz Əliyev dəmirbarmaqlıqlar arxasında olsun. Amma o tələbə auditoriyasında olur, İH-dəki kabinetində olur, restoranlarda, biznesinin idarə edilməsində iştirakçı olur. Yəni əli cibində azadlıqda gəzir, bu qədər əli çirkaba bulaşdığı halda…

İndisə həmin real faktla tanış olaq:

Belə ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq ötən ilin avqustunda yekunlaşıb və iş məhkəməyə göndərilib.

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Zakir Fərəcovun adamı olan Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub. Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.

Onu da qeyd edək ki, Gülnarə Bayramova ilə Gündüz Əliyev heç də yad adam deyillər. Əslində onlar doğma bacı qardaşdırlar.

Cinayət işi və məhkəməlik müəllim

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və qardaşı  Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

Qeyd edək ki, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakimi Aynur Rzayevanın sədrliyi ilə baxılır. Çox maraqlıdır ki, məhkəmə prosesinin 7 aydır keçirilməsinə baxmayaraq, məhkəmə bu səs-küylü cinayət işi ilə bağlı qərar verməyib.

Hətta belə xəbərlər var ki, Gündüz Əliyev bu məhkəmə prosesində iştirak etmir, məhkəməni saymır. O, arxayındır ki, cinayət işindən “təmiz” çıxacaq. İddialara görə, Fərəcov onu əmin edib ki, məhkəməyə getməsin, bu işi ört-basdır edəcək, hakimlə də məsələ yoluna qoyulacaq və Gündüz Əliyev külli miqdarda olan mənimsəmə sübuta yetirilsə də, həbs edilməyəcək. Bir sözlə, bu dərəcədə Gündüz Əliyevə dəstək var.

Qanunsuz əməllərilə Azərbaycanın hüquq sisteminə qarşı çıxıb, mənəm mənəmlik eşqinə düşən Gündüz Əliyevin əlindən dad edən sahibkarlar da ümidlərini ədalət himayədarı möhtərəm prezidentə bağlayıblar.

Sahibkarların yeyilən pulları, dövlətə zərbə

Gündüz Əliyevi həbsə aparan digər fakt – ən mühüm detal isə iş adamlarının prezidentə müraciətidir. Təsəvvür edin ki, ortada sensasiya doğuran sübutlar var, sahibkarlar prezidentə davamlı məktublar ünvanlayır, onların pulu Zakir Fərəcov-Gündüz Əliyev tandemi tərəfindən mənimsənilib, amma hansısa gizli əllər bu məmuru müdafiə edir.

Bununla belə iş adamları ümidlərini itirməyiblər, dövlətə, ölkə başçısına güvənirlər.

Onlar saytımız vasitəsi ilə prezident İlham Əliyevə müraciət edərək Zəfər qazanmış Azərbaycanda bu cür neqativ halların olmasını məmurların dövlətə, xalqa qarşı təxribatı adlandırırlar. Sahibkarlar deyirlər ki, qalib ölkənin iş adamları rüşvətxor məmurlar ucbatından narazı salınır. Halbuki o pullar qaytarılsaydı, Qarabağın bərpasına da dəstək verə bilərdilər.

2016-cı ildən yaranan bu qalmaqallarda iş adamları İsrail İsayev, İskəndər Ələkbərov, Hümmət Qasımov, Müqayis Verdiyev, İslam İsayev, Fərman Məmmədov, Saatxan Həmidov, Vilayət Qacarov, İbrahim Məmmədov, Azad Süleymanov, Taleh Seyidov, İlham Məmmədov, Çingiz Mənsurov, Ağamməd Şəmiyev, Pərviz Abbaszadə, Vüqar Abbaszadə, Şahin Cəfərov, İmran Şirinov, Miribrahim Məmmədov, Vəli Kərimov, Məzahir Quliyev, Həbib Əhmədov, Şirin Həsənov, Elnur Həsənov, Yaşar Ağakişiyev, Aydın Allahverdiyev, Elçin Qarayev, Ramil Paşayev, Anar Məlikov, Abbas Orucov, Abdulla Cəfərov, İlqar Cəfərov, Anar Həsənli, Tofiq Qurbanov, Novruz Aslanov, Mirhüseyin Məmmədov, Şükür Mirzəyev, İslam Əliyev, Zamiq Qasımov, İskəndər Ələkbərov, Kamran Əkbərov, Vüqar Abbaszadə, Vüsal Qədirov, Murad Nəsibov, Məzahir Quliyev və Əkbər Abbasov daha çox incidilənlərdəndilər.

Ötən yeddi il ərzində səs-küylər çox olsa da, qalan 2 milyon 900 min manat halal pulları günü bü günədək onlara ödənilməyib. Dövlət büdcəsindən ayrılan bu pulun hesabdan necə silinməsi, doğrudan da, təəccüb doğurur. Onlar Prezident İlham Əliyevə müraciət ünvanlayaraq qeyd edirlər ki, Zakir Fərəcovun ən yaxınları hesab olunan şəhərin baş memarı Adil Xudadatov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev təşviş içindədirlər. Bu səbəbdən, müxtəlif bəhanələrlə zərərçəkən iş adamlarından qaçmağa üstünlük verirlər.

Hətta böyük yeyinti və mənimsəmə faktları ilə ağır ittiham altında olan Gündüz Əliyev, indi də Sumqayıt Məhkəməsində bəraət aldığını aləmə car çəkir. Özünüz deyin, axı açılan cinayət işində 1 milyon manatdan çox mənimsəmədə ittiham olunan şöbə müdirinə, məhkəmə bəraət verə bilərmi?! Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, onun “Zəmanət məktubu” ilə aldadılan sahibkarlar da, hakim Aynur Rzayevanın adına müraciət hazırlayıblar və apardığı həmin məhkəmə işinə, onların iddialarını əlavə etməyi də xahiş edəcəklərini planlaşdırıblar. Ən nəhayət, iş adamları Fərəcov-Əliyev cütlüyünün onların başına açdığı oyunlarla bağlı dövlət başçısına geniş müraciət ünvanlayıblar.

İş adamlarından Prezidentə ünvanlanan müraciətdən şok faktların ortaya çıxmasına şahid oluruq. Sahibkarlara oyun qurub, onlara vəsaitin alınması barədə ərizə yazdırmaq, sonra da həmin pulların ödənilməsindən imtina edilməsini eşidincə şok olmamaq mümkündürmü? Məsələnin mahiyyətində də məhz sahibkar , iş adamı Müqayis Verdiyev tərəfindən  prezidentə ünvanlanan müraciətdə əksini tapıb. 

Həmin müraciətdə deyilir:

Möhtərəm Prezident!

Bir sözlə, bu çətin işləri icra başçısı Sizə söz verdiyi üçün boynuma götürdüm və xeyli söz-söhbətdən sonra Yeni Bulvar Kompleksini yüksək səviyyədə yarada biləcəyimi ona bildirdim. Zakir Fərəcov söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra, mənə daha geniş coğrafiyada işləmək üçün hər cür şərait yaradacaq. Bu şəxsin şirin vədlərinə və yalan uydurmalarına uyaraq işlərin gedəcəyi əraziyə onunla birlikdə gedib baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Həm də, Zakir Fərəcov şəhərin Bakı — Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını mənə tapşırdı və həmçinin bu barədə də razılığa gəldik. Bundan sonra, yəni mart ayının 10-da 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızın gücləri hesabına işə başladım. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyim kimi yüksək ruhverici səviyyədə, tam olaraq təhvil verdim. Di gəl ki, gördüyümüz işlərin dəyəri — halal pullarımız bu günədək rəhbəri olduğum MMC-nin hesabına tam olaraq ödənilməyib.

Onu da qeyd etmək istəyirəm ki, Yeni Bulvar Kompleksində həyata keçirilən möhtəşəm və qürurverici işlər başa çatdırıldıqdan sonra, Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanı, Heydər Əliyev prospekti, şəhərin giriş hissəsindəki 8 kilometrlik yolun sağ və sol hissəsi, S. Vurğun, Nizami və C. Cabbarlı küçələri, “Muğan Bank”ın qarşısındakı istirahət parkı da tərəfimizdən tam abadlaşdıraraq təhvil verildi. Öhdəmizə götürdüyümüz işləri tam şəkildə başa çatdırıb təhvil verməyimizə baxmayaraq, başçının borclu qaldığı 2.900.000 manat pul vəsaiti bu gün də ödənilməyib. Dəfələrlə ŞİH-nin başçısına mənimlə bərabər, icra başçı tərəfindən incidilən digər iş adamları tərəfindən də şikayət ərizələri çatdırsaq da, son anda heç bir nəticə əldə edə bilməmişik.

Faktdır ki, ölkəmizin üçüncü böyük şəhəri — Sumqayıtın taleyi imzaladığınız Sərəncam əsasında Zakir Fərəcova etibar olunub. Heç cür inana bilməzdik ki, Zakir Fərəcov bu qədər etibarsızlıqlıq edəcək və o, görülən işlərə görə nəzərdə tutulan milyonlarla dövlət vəsaitlərini müxtəlif adlar adı altında mənimsəyəcək, eyni zamanda yüksək məsuliyyət tələb edən işləri görən şəxslərə olmazın əziyyətlər verib, onların halal pullarını verməyəcək. Onu da bildirim ki, Zakir Fərəcovun yalanlarına inandıq və təmir-tikinti, abadlıq və yenidənqurma işlərinə lazım olan əksər avadanlıqları, tikinti materiallarını tanıdığım, mənə yüksək etibarları olan iş adamlarına sifariş etmişdim. Məhz, həmin şəxslərin dəstəyi ilə əksər lazımi qiymətli malları borca aldıq və tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.

Qeyd edim ki, işlərin gedişi zamanı əvvəlcədən tələb olunan pullar şəhərin Baş memarı Adil Xudadatov tərəfindən bizə nəğd şəklində ödənilirdi. Bu şəxslə aramızda əmələ gələn münasibət nəticəsində məlum oldu ki, bizə verilən pullar şəhərin ayrı-ayrı yerlərində fəaliyyət göstərən iş adamlarından, müxtəlif qurum və təşkilatlardan yığılır. Material almağa görə pul lazım olduğunu bildirdikdə, bu şəxs “Hələ pul yığılmayıb, yığılan kimi sizə çatdıracağıq” deyirdi. İşlər dayanmasın deyə, tikinti materiallarını yaxın tanışlarımdan nisyə almağa məcbur olurdum. Kompleksin tikintisində çalışanların zəhmət haqlarının gecikdirilməsi səbəbindən də, tələb olunan xərcləri yaxşı münasibətdə olduğum imkanlı dost-tanışlarımdan borca aldığım pullar hesabına ödəyirdim. Çünki, təkcə Zakir Fərəcov deyil, Adil Xudadatov da, işlərin dayandırılmamasını məndən xahiş edirdi. Bu şəxslər yaxın müddət ərzində pulların tam ödəniləcəyinə, hətta işlərin vaxtında təhvil verilməsi üçün hədsiz yalvar-yaxarlı vədlər də verirdilər. Bu şəxslərin utancverici əməlləri və bağışlanılmaz günahları ucbatından göz önündə baş verənlərə baxmayaraq, tapşırılan işləri imkanım daxilində yüksək keyfiyyətlə yerinə yetirdik. Onu da qeyd edim ki, ayrı-ayrı şəxslərdən nisyə götürdüyüm təmir-tikinti materiallarının dəyərini hələ də tam şəkildə ödəməmişəm.

Möhtərəm Prezident!

Sumqayıtda Yeni Bulvar Kompleksinin açılışı zamanı Siz görülən işlərdən və işlərin keyfiyyətlə yerinə yetirilməsindən olduqca razı olduğunuzu bildirdiniz və onu da vurğuladınız ki, “Bu qədər işlərin tez bir zamanda belə bir səviyyədə həyata keçirilməsi əsl möcüzədir”. Sizin fikirlərinizə rəğmən bir daha demək istəyirəm ki, həmin möcüzəni yaradan rəhbəri olduğum MMC-dir. Çox təəssüflər olsun ki, gördüyümüz belə bir möcüzəli işlərin dəyərini ötən 6 il ərzində başçıdan ala bilmirəm. Adil Xudadatovdan başqa, icra başçının digər yaxını hesab olunan Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev də, kompleksin salınmasına görə büdcədən bir manat da olsa pul vəsaitinin ayrılmadığını deyirdi. Guya ki, icra başçısı bütün işləri özünün göstəriş və tələbi ilə yığılan pulların hesabına həyata keçirib. Buna görə də, icra başçısı görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq etdirməklə, ona bağışlamağımızı tələb edir. Yüksək məbləğin yerdə qalan hissəsinin əvəzində icra başçısı bizə torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər verməyi təklif edir. Bu təklif bizi qane etməsə də, məcbur olub razılaşdıq, sonradan həmin təkliflər elə söz olaraq da qaldı. Əvvəllər olduğu kimi, bu gün də Zakir Fərəcov ödəniş etmək istəmir və bizə hədə-qorxu gəlir, bizi həbs etdirməklə də hədələyir. Hətta, bu şəxs haqqını tələb edən bir necə şikayətçini günlərlə polis orqanlarında qeyri-qanuni saxlatdırıb.

Bildirmək istəyirəm ki, icra başçısı görüşlərimizin birində “yuxarıdan 6.000.000 manat xərc tələb edən bir məktəb binasının və bir uşaq bağçasının öz vəsaitlərimiz hesabına tikilməsi tapşığı verilib. Belə bir məbləğdə vəsaiti tapa bilmik və buna görə də sizə olan borcu ödəmək imkanımız yoxdur” dedi. Artıq, Zakir Fərəcovun bu cür uydurma və yalanlarından bezmişik. Axı, biz də bilirik ki, Yeni Bulvar Kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən lazımi məbləğdə vəsait ayrılmışdır. Həmin pullar hara xərcləndi, bu hələ də bizə məlum deyil. Az da olsa bizə verilən pullar Baş memar Adil Xudadatovun ayrı-ayrı iş adamlarından və müxtəlif təşkilatlardan yığdığı pullar olub. Hal-hazırda bu şəxs də bizə ödəniş etməkdən yayınır və verdikləri sözlərə əməl etmir, bizi görəndə gizlənir, ya da ki, qaçıb aradan çıxır.

Qeyd edim ki, Sumqayıt şəhərində abadlıq və yenidənqurma işlərinin hamısı rəhbəri olduğum MMC tərəfindən həyata keçirilib. Əldə etdiyim sübutlara və dəqiq məlumatlara görə, icra başçısı daha bir saxtakarlığa imza atıb. Yəni, həyata keçirdiyimiz işlərin başa çatdırıldığı ərəfədə ŞİH başçısının göstərişi əsasında gördüyümüz işlərin hamısı başqa müəsissələrin adlarına sənədləşdirilir. Əslində, gördüyümüz işlərə görə ayrılan pullar mənimsənilib və bağışlanması mümkünsüz hesab olunan cinayət hadisəsi baş verib. Hətta neçə ildir ki, borcu ödəməmək üçün üstümüzə başçı tərəfindən emissarlar da göndərilir. Bəzən həmin şəxslərlə danışıqlarımızın mövzusu başçı tərəfindən ifadə olunan hədələrdən ibarət olur. Bəzən də, onlar bizə bir qədər də gözləməyimizi məsləhət görürlər. Səbəb də, icra başçısının borcu ödəmək üçün lmkanının olmaması ilə yozurlar. Başçı ilə aramızda baş tutan danışıqlar, bir növ ATƏT-in Minsk Qrupunun danışıqlarını xatırladır. Yəni, boş və mənasız vədlərdən başqa bir şey olmur. Axı, nə qədər araçılarla (emissarlarla) görüşmək, nə qədər danışmaq olar?! Əslində başçının borcu ödəmək üçün pulunun olmaması gülüş doğurur. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik, sadəcə olaraq onu bildirmək istəyirik ki, əgər başçının pulu yoxdursa, bəs onda Sumqayıt stansiyasında şəxsi ferma kompleksini hansı vəsaitlə tikdirib? Necə olur ki, icra başçısı ferma tikdirməyə pul tapır, ancaq gördürdüyü işlərin zəhmət haqqını ödəməyə imkanı olmur?! Hər kəs hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hər kəsə bəlli olan həqiqətlərin gizlədilməsi, əslində dəvəquşunun gizlənməsinə bənzəyir. Necə deyərlər, “Görünən dağa bələdçi lazım deyil!”. Bir sözlə, alacağımız pullar yüzlərlə fəhlənin alın təri hesabına qazandıqlarıdır, iş adamlarının əzab-əziyyətlə ərsəyə gətirdikləri və satdıqları tikinti materiallarının pullarıdır. Qeyd edək ki, bizim borclu olduğumuz iş adamları da borc içində batırlar. Bu qədər insanı belə zillətə salmağa nə ad vermək olar?! İndiyə kimi çoxsaylı şikayətlərimizi yazmışıq, heç bir əhəmiyyəti və nəticəsi olmayıb. Buna baxmayaraq, o halın varlığına inanıram ki, hansısa səlahiyyət sahibi bu ədalətsizliyə dözməyəcək və bu qalmaqala bir nöqtə qoyacaq.

Onu da qeyd edək ki, Zakir Fərəcov çoxsaylı şikayətlərdən sonra, borclu olduğu iş adamlarını iş otağına dəvət etmiş və 50.000 manat pul verib onları həbs etdirəcəyi ilə hədələmişdir. Həmin görüşdə harınlamış icra başçısı iş adamlarına demişdir: “Siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər, mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram”. Zakir Fərəcov bizə xəbər göndərir ki, “Şikayət yazdığınız yuxarı orqanlar bizi çox sıxır, onlarla münasibətlərimiz sizin ərizələrinizə görə tamamilə korlanıb. Ona görə də komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın və həmin ərizəni mənə verin ki, onu yuxarı orqanlara göndərə bilim. Ərizəni yazdığınız halda borcları hissə-hissə ödəyəcəm”. Bu dəfə də onun sözlərinə inanıb tələyə düşdük. O, bizdən istədiyi ərizəni alsa da, yenə də borcları ödənilməmiş qaldı. Bizə məlumdur ki, Zakir Fərəcov ərizələrimizdən istifadə edib hər kəsi inandırır ki, “Sahibkarların borcları tamamilə ödənmişdir. Lakin bunların hamısı yalandır. Əgər bizə olan borclar ödənilmişdirsə, niyə biz bu gün də alacağımız pulların ödənilməsini tələb edirik. Yaxud da ödənilmişdirsə bu pullar hansı bank hesablarına köçürülüb.Köçürülübsə həmin bank köçürmələrinin sənədlərinin ortaya qoyulmasını xahiş edirik.   Həmin vaxtlarda Zakir Fərəcov qarşımıza şərt qoydu ki, “Ərizə verməsəniz o halda borcunuz ödənilməyəcək. Siz ərizəni yazıb verin ki, borcunuzu ödəyək”. Yəni, biz borcların ödənilməsinə görə çıxılmaz vəziyyətdə qalıb ərizə yazmağa məcbur olduq. Çünki, icra başçısı Zakir Fərəcov bizə ayrı seçim etmək imkanı verməmişdi. Bu şəxs bizi necə aldatdısa, bu gün də ayrı-ayrı təşkilatları həmin ərizələrlə aldatmağa çalışır. Nəzərə almaq lazımdır ki, biz çarəsiz qaldığımızdan alacağımız pullara görə ərizələr yazmışıq. Amma, hələ də pullarımız ödənilməyib.

Sumqayıt şəhərində həyata keçirilən abadlıq və yenidənqurma işlərində iştirak etmiş iş adamları dəfələrlə alacaqları pulların ödənilməsini tələb etsələr də, hələ də ödəmələr həyata keçirilmir və bu yöndə heç bir addım da atılmır. Bütün bunları əsas tutaraq yazıb Sizdən artıq dərəcədə xahiş edirik ki, gördüyümüz işlərin dəyərinin tez bir zamanda ödənilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıq və göstərişlərinizi verəsiniz!

Öncədən Sizə öz minnətdarlığımızı bildiririk.

 Zərərçəkmiş sahibkarlar onu da bildirirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov işi onlara gördürsə də özünə yaxın sahibkarlıq subyekti yaratmaqla ayrılan pulları halal sahiblərinə deyil, özünün hesabına qaytarmaqla mənimsəmişdir.

Ümid edirik ki, sahibkarların prezidentə ünvanlanan müraciəti cavabsız qalmayacaq. Sumqayıt şəhər İH-nin başçısı Zakir Fərəcov iş qadamlarının qaytarılmalı pullarını tam hesabına qədər ödənilməsini təmin edəcəkdir.