08 Dekabr 2024

Türk dünyasının qüruru: Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı – FOTO

Böyük Səlcuq hökmdarı Toğrul bəyin Bizans imperatoru IX Konstantin Monomaxa göndərdiyi ərəbcə məktub ilk dəfə olaraq üzə çıxarılıb.

Publika.az xəbər verir ki, bu, türk tarixi baxımından mühüm arxiv sənədidir.

Məktubun nə vaxt və harada yazıldığı məlum deyil. Lakin Berlin Dövlət Kitabxanasından çıxarılan bu sənədə “Orta əsr türk dövlətlərinə aid nadir sənədlərdən biri” şərhi verilib.

Günümüzə tək nüsxədə gəlib çatan və ilk dəfə tərcümə olunan məktub Mərmərə Universiteti Türkşünaslıq İnstitutundan professor Osman Özgüdenli tərəfindən ortaya çıxarılıb.

Məktubda Türk hökmdarı Toğrul bəyin Bizans hökmdarını qorxutması diqqət çəkir:

“Bizim bu məktubumuz Rum (Bizans) hökmdarınadır. Allah ömrünü uzun eləsin! Allah ona İslam səadətini, tam iman və Allahın köməyini, yetkin əsgərlər nəsib etsin. Onu təqdim etdiyimiz bu məktubda özü və xalqı, ölkəsinin və onun bərəkətinin qorunması, ölkəsində əsgərlərinin və insanların xoşbəxtliyi üçün əmin-amanlıq var. Bilsin ki, Allah-Təala bizə İran hökmdarlarının ixtiyarını verdi və xilafət taxtını müdafiə etməyə qadir qıldı. Bizi itiliyi kütləşməyən qılınc, sönməyən od etdi. Bizə böyük qələbələr, uğurlu nailiyyətlər bəxş etdi.

Hər yerə yayılan, ölümə meydan oxuyan, hündür dağlarda və geniş dənizlərdə irəliləsələr də, o yerləri abad edən, güclü silahlı türk, deyləmi və kürdlərdən ibarət müxtəlif tayfalarla polad qolumuzu gücləndirdi.

Elçimizin qayıdışını görəndə müəlliflərin adlarının zik redildiyi görünür. Uca Əmir Əbu Mənsur Vəhsudan – Allah onları həmişə qorusun! Fikrini bildirsin ki, (biz) ona uyğun hərəkət edək; Uca Allahın izni ilə atlılarımızı ona tərəf göndərək!”

Özgüdenli sözügedən arxiv sənədinin Böyük Səlcuqlu-Bizans diplomatik əlaqələrinə işıq tutduğunu bildirib: “Böyük bir diqqətlə seçilmiş bu sözlərlə Toğrul bəyin əzəmətini vurğulayaraq Bizans imperatorunu qorxutmaq istəyirdilər. “İtiliyi kütləşməyən qılınc” və “Sönməz od” təsvirləri ilə Toğrul bəyin malik olduğu güc və bacarıqlara, onun bu sahədəki nailiyyətlərinə istinad edilir”.

Bütün bunlarla yanaşı, sözügedən məktub həm də Toğrul bəyin Bizansla sıx diplomatik əlaqələrinin günümüzə qədər gəlib çatan yeganə nümunəsi olması ilə diqqət çəkir.