27 İyul 2024

Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq

Prezident İlham Əliyev 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı edib. O, vurğulayıb ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Ötən il isə “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar.

Cənab Prezident bildirib ki, Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur. Azərbaycan tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürdü. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.

Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə – Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur. Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olundu. Proses bu yaxınlarda başlayıb və 1,5 milyon ton neftin təchizi və onun Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Aralıq dənizinin sahilinə nəqli üçün müqavilə imzalanmışdır.

Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır. Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. İşğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Prezindent İlham Əliyev konfransdakı çıxışında bildirdi ki, ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi