23 Dekabr 2024

Azərbaycanda 467 növ ağac və kol bitir

Təbii meşələr Azərbaycan təbiətinin yüzdə səkkiz faizini təşkil edir. Meşə fondu torpaqları isə ölkə ərazisinin 12 faizini əhatə edir. Qafqazın ən önəmli, nadir və nəsli kəsilməkdə olan bitkilərinin bir çoxuna respublikamızın ərazisindəki meşələrdə rast gəlmək mümkündür. Azərbaycan təbiətində təxminən 467 növ ağac və kol bitkisi var. Onların böyük əksəriyyəti Böyük və Kiçik Qafqazda, daha dəqiq desək, Böyük və Kiçik Qafqazın orta və dağlıq qurşaqlarında yayılıb. Bundan başqa, quşlar və ya külək vasitəsilə, müxtəlif üsullarla başqa yerlərin də bitkilərinin toxumu ölkə ərazisindəki meşələrə düşə bilir və həmin toxumlar torpaqda inkişaf edərək cücərir. Məsələn, iki il əvvəl Balakən rayonunda qəribə bir bitki ilə rastlaşdıq. Adəm ağacı adlandırılan həmin bitkinin əsas vətəni Çin olsa da, son vaxtlar onu bəzək bitkisi kimi bir çox ölkələrə, o cümlədən Azərbaycana da gətiriblər. Qonşu ölkələrdə, xüsusilə Gürcüstanda bu bitkinin meşələri salınır. Balakəndə həmin bitkinin toxumu meşələrin içərisinə düşərək böyüyür. Bununla həm meşənin sıxlığı, həm də zənginliyi artır. Eləcə də bir çox bitkilər var ki, yerli meşə təsərrüfatlarında bitsələr də, tam öyrənilməyib.

Bu barədə AZƏRTAC-a verdiyi açıqlamada Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Yusif Zeynalov məlumat verib.

Bioloq bildirib ki, vaxtilə bir çox rayon və kəndlərdə qaz və yanacaq olmadığına görə meşələr sürətlə məhv edilir, nəticədə azalma baş verirdi. Son illərdə isə rayonların çoxunda, dağlıq bölgələrdə meşə ətəkləri və talalarda ağaclar əkilir, meşələrin təkrar bərpa olunması üçün tədbirlər həyata keçirilir: “İstər dövlət qurumları, istər elm adamları, istərsə də meşəçi və bağbanlar meşə sahələrinin kiçilməməsinə, ən azı onu qoruyub saxlamağa və ya artırmağa çalışırlar. Ölkəmizin işğaldan azad olunmuş ərazilərində də meşələrin bərpa edilməsi, yeni meşə sahələrinin salınması başlıca məsələlərdəndir. Mənfur qonşularımızın vandallığı nəticəsində həmin ərazilərdə olan bir çox bitkilər, xüsusilə də yüzillik çinar ağacları kəsilərək xarici ölkələrə satılıb, yaşıllıq təsərrüfatlarının arealları kiçilib. Buna görə də həmin ərazilərdə meşəbərpa tədbirlərinin aparılması prioritet məsələ kimi qarşıda durur. Elm adamları həmin ərazilərdə meşə təsərrüfatlarının bərpa olunması üçün yerli ərazidə olan ağacların növləri və onların toxumlarından gətirilərək şitilliklər salınması, onların azad edilmiş ərazilərin təbiətinə təkrar geri göndərilərək əkilib-becərilməsi, meşələrin əvvəlkindən də yaxşı vəziyyətə salınması təklifini irəli sürürlər. Meşələrin bərpa olunması oradakı bir çox canlıların artmasına səbəb olacaq, quşlar, kiçik canlılar, heyvan növləri çoxalacaq. Beləliklə də Azərbaycanın təbiəti və təbii varlığını bərpa edilməsinə töhfə verilmiş olar”.

Mütəxəssis qeyd edib ki, son vaxtlar xüsusən Kür çayında suyun miqdarının azalması təbii fəlakətə gətirib çıxara bilər: “Meşələri qorumaq, arealını və zənginliyini artırmaq orada suya olan tələbatı qarşılamaq deməkdir. Meşə arealının artması nəticəsində yağış yağarkən əmələ gələn suyun tez bir zamanda buxarlanıb getməsinin qarşısı alınar, müxtəlif yollarla çaylara, oradan da Kür çayına axar. Kürdə suyun səviyyəsini qaldırmağın ən önəmli vasitələrindən biri meşələrin artırılmasıdır. Bu, olduqca vacib məsələdir. Hər kəs bu məsələdə öz töhfəsini verə, ən azı bir ağac əkməklə təbiətimizin bərpasına kömək edə bilər. Çünki texnologiya yaxşı inkişaf etdiyi üçün meşəsalma işləri çox asanlaşıb. Ağacların sayını artırmaqla təbiətimizi və suyumuzu qorumuş olarıq”.