08 Dekabr 2024

Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi

Vətən müharibəsində ordumuz zəfəri ilə yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.


Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.


Hələ bir neçə ay Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.


Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular.


Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı, bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi. İndiyədək keçirilən təntənəli hərbi paradlar ölkəmizin müdafiə qüdrətini və xüsusən son dövrlər daha da vüsət alan hərbi modernləşmənin uğurla həyata keçirildiyini göstərmişdi. Xalqımız əmin olmuşdu ki, ən müasir döyüş imkanlarına malik olan ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin bütün mövqeyini anında məhv etməyə qadirdir.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini