27 İyul 2024

Zəfər paradı xalqımızın möhtəşəm tarixi günüdür

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin başlatdığı hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları – yəni, tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan qəhrəmanlıq tariximiz xalqımızn həyatında silinməz izlər qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yüksək qəhrəmanlıq və şücaətlə həyata keçirdiyi və 44 gün ərzində davam edən müharibə bütün məqamları ilə bütün dünya üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Vaxtilə erməni hərbi naziri Tonayan demişdir ki, müharibə yenidən başlasa, bizim ordumuz Bakıya doğru irəliyəcəkdir. Bəli, erməni ordusu Bakıya doğru irəlilədi, amma necə irəlilədi? Məğlubiyyətin, iflasın rəmzi kimi!

Erməni hərbi birləşmələrə dair Azərbaycan ordusunun darmadağın etdiyi, düşmənin qoyub qaçdığı hərbi sursatlar, döyüş maşınları, tanklar artıq Hərbi Qənimətlər Parkında parka ziyarətə gələnlərə açıq nümayiş olunur. Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi sursatlar, döyüş maşınları, tanklar Azərbaycan ordusunun qüdrətinin, Ermənistanın ordusunun isə məğlubiyyətinin simvoludur. Eyni zamanda qeyd etmək lazımdır ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. 10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı deyib: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik”.

Zəfər paradı sübut etdi ki, vətənsevər Azərbaycan oğul və qızları ölümün gözünə dik baxaraq yurd həsrətinə son qoymaq üçün canından, qanından keçməyə hər an hazır idilər. Torpaqlarımızın işğalı Əsrin faciəsi idisə, azad edilməsi Əsrin Qələbəsi kimi tarixə yazıldı. Əsrin faciəsindən Əsrin qələbəsinə gedən yol bizi daha da mətin etdi. Bir xalq kimi birləşməyə, həmrəyliyə səslədi. Vətən müharibəsində Ali Baş Komandanın ətrafında xalqın həmrəyliyi, birləşməsi bütün dünyaya bir nümunə oldu. Bundan sonra bizləri daha gözəl, firavan günlər, inkişaf mərhələsi gözləyir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi