27 İyul 2024

Ölkəmizin müstəqil xarici siyasət kursu uğurla inkişaf etdirilir

Cənab prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Bu fikirlər SPECA yarananda üzv ölkələrin görüşdəki çıxışlarında da öz aydın ifadəsini tapdı. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan prezidentləri Azərbaycanın əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələri təqdir etdilər.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb. Dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.

Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Belə bir inam da ifadə edildi ki, keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Uğurlarımızı şərtləndirən mühüm amillərdən biri də dövlətimizin müstəqil siyasətidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki. müstəqil iqtisadi inkişafa malik olan ölkə siyasətində müstəqil ola bilər. Azərbaycan bu baxımdan daim nümunə göstərilir.

Azərbaycanın bugünkü sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə müstəqil iqtisadi siyasətin özünün uğurlu nəticələrini verdiyini böyük əminliklə qeyd edə bilərik. Tarixən neft ölkəsi olan Azərbaycan iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü inkişafa yol açdı. Bu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Təbii ki, Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovuşuğunda yerləşməsi ona əlverişli tranzit imkanları yaradır.

Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycanın keçdiyi inkişaf yolunun təhlili fonunda cənab İlham Əliyev belə bir reallığı da diqqətə çatdırdı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi