27 İyul 2024

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu getdikcə artır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Qeyd etmək lazımdır ki, Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən, 52 dövlət və hökumət başçısı iştirak etmişdir. Dövlətimizin başçısı 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı