27 İyul 2024

Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Dövlətimizin başçısı çıxışında bildirib: “Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq”.

Prezident cənab İlham Əliyev çıxışında qeyd edib: “Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsi prosesi başlandı. Birincisi, hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü. Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib”.

Nərgiz Şıxməmmədova

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı