27 İyul 2024

Təchizatın artan dinamikası

Davos İqtisadi Forumunun gündəliyinə uyğun olaraq 2023-cü il üçün Qlobal Risk Hesabatı təqdim edilib. Hesabata uyğun olaraq mövcud vəziyyətdə təsiri hiss edilən qlobal risklər, 2025-ci ildə təzyiqi artacaq risklər və 2033-cü ildə qlobal səviyyədə aktuallaşacaq risklər vurğulanıb. 2023-cü ildə qlobal səviyyədə təsiri hiss ediləcək risklər “enerji təchizatı böhranı”, “yaşayış xərcləri böhranı”, “artan inflyasiya”, “ərzaq təchizatı böhranı” və “kritik infrastruktura kiberhücumlar” kateqoriyaları üzrə qruplaşdırılıb. 2025-ci ilə gedən yolda isə iki illik risklərə “borc böhranları”, “qiymət trayektoriyalarının sabitləşdirilməməsi”, “iqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”, “iqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “geniş yayılmış kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “ətraf mühitə böyük ziyan vuran hadisələr” daxil edilib.

Qlobal Risk Hesabatında Qlobal Risk Qavrama Sorğusunun (GRPS) 10 illik risklər kateqoriyasına isə daha çox ekosistem ilə bağlı böhranlar daxil edilib. Belə ki, “İqlim dəyişikliyinin ləngidilməsində uğursuzluq”,“İqlim dəyişikliyinə adaptasiyada uğursuzluq”, “Təbii fəlakətlər və ekstremal hava hadisələri” və “Biomüxtəlifliyin itirilməsi və ekosistemin dağılması” əsas böhrana aparacaq risk kateqoriyalarıdır.

Bu il Davos İqtisadi Forumu 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin iştirakı, və 52 dövlət və hökumət başçılarının qatılması ilə baş tutacaqdır. Yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda, Dünya İqtisadi Forumu dialoqun və dövlət-özəl sektor əməkdaşlığının vacibliyini artırmağa davam edir. O cümlədən, bu platformanın qeyd edilən mövzular üzərindən dünya liderlərinin, ekspertlərin və digər təsir dairəsi geniş olan steykholderlərin cəlb edilməsi ilə təşkili baş verən hadisələrə adaptasiya olunmağa və müsbətə doğru həll yollarının tapılmasına töhfə verəcəkdir.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı