27 İyul 2024

Avropanın Çinlə münasibətlərində yeni Fransa çalarları

Avropa – Çin əlaqələri daha çox iqtisadi baxımdan əhəmiyyət kəsb edib. Lakin, Avropa siyasətində həmişə üstün mövqe sayılan ABŞ-Britaniya tandemi Çinlə münasibətlərdə həssas ehtiyatlılıq, bəzən də konfrantasiya stilinə əsaslanıb. Çin isə özünün iqtisadi potensialını gücləndirməklə qlobal və regional məsələlərdə özünəməxsus “müdrik” davranışları ilə “nəhəng oyunçuya” çevrilmiş, bəlkə də Rusiyadan da çox ABŞ-ın əsas düşmən-rəqibinə çevrilmişdir. ABŞ-n 2-ci Dünya Müharibəsindən sonra Avropanı SSRİ işğalından qoruması və xilaskara minnətdarlıq hissi bütün Avropa dövlətlərinin  boyunlarının borcu olaraq həmişə olsa da, Fransanın zaman-zaman naxələf solaxay addımları (NATO dan sapmalar, Rusiya, İran kimi ABŞ a düşmən ölkələrə isti münasibət və s.) indi də müşahidə olunmaqdadır.

Fransa prezidenti Emmanuel Makronun bu həftə Pekinə səfəri oldu və o, dövlət səviyyəsində Tiananmen meydanında hərbi parad daxil yüksək atəşfəşanlıqla qarşılandı. Makronun təyyarəsi yerə enəndə Çinin xarici işlər naziri şəxsən onu qarşıladı. Xatırlayırsınızsa, Rusiyaya səfəri zamanı Moskvada Putin Makronu necə “urvatsız” etmişdi. Makronun Çinə səfəri ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Leyeni hava limanında Cinin ekologiya nazirinin köməkçisi səviyyəsində hörmətsizcəsinə adi sərnişin çıxışında qarşılamışdılar.

Makronun səfər protokolu dolu olsa da, fon der Leyen Çinə “əliboş” gəlmişdi. Makron cümə axşamı gecəsi Çin prezidenti Si Tszinpinlə dəbdəbəli dövlət ziyafətində iştirak edərkən, fon der Leyen AB nümayəndə heyətinin öz qərargahında adi mətbuat konfransı keçirirdi. Dövlət mediası Çin-Fransa münasibətlərini tərif edərkən, Çin sosial mediası fon der Leyeni Amerika kuklası kimi manşetlərə çixardı.

Bütün bunlar onu deməyə əsas verir ki, bu görüşlərdəki fərq Avropanın Çinlə münasibətdə hansı çətinliklərlə üzləşdiyini göstərir. AB-nin 27 üzvünün Çinə necə yanaşmaq barədə bir sıra fikirləri var və Pekin bunu bilir. Macron və von der Leyen məsələsində Pekin Fransa lideri ilə irəliləyiş əldə etmək üçün daha böyük şans görür və Aİ icra hakimiyyətini bir qədər aşağı mövqeyə qoyur. Əslində Makronun fon der Leyeni səfərə dəvət etmək qərarı Avropa birliyinin nümayişi kimi nəzərdə tutulmuşdu. Nəticə isə daha bərbad alındı.

Təbii ki, indiki qlobal gərginlik və qütbləşmələrin dərinləşdiyi bir vaxtda bu olaylar heç də ABŞ siyasi elitasının diqqətindən yayınmır. ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, ABŞ və Fransanın Çinlə münasibətləri fərqli müstəvidədir, amma Vaşinqtonun siyasətinin hədəfi Çinin qarşısını almaqdan ibarət deyil:

“Mən, xüsusilə, son həftələr Çinlə bağlı yanaşmada Fransa ilə yaxınlıq görürəm. Biz məsələyə bənzər yanaşırıq. Ölkələrimiz üçün bu, çox çətin münasibətlərdir. Fransa ilə olan nəzər nöqtəmizə görə, Çinlə münasibətlərdə antaqonist elementlər, rəqabət və tərəfdaşlıq var. Biz Çinə münasibətdə birgə hərəkət etsək, daha çox təsir əldə edəcəyik. Hədəfimiz Çinin qarşısını almaq, antiçin siyasəti aparmaq deyil. Bizim məqsədimiz ABŞ və Fransanın II Dünya müharibəsinin nəticələrinə uyğun olaraq formalaşdırdığı hüquqlar və standartlara əsaslanan açıq və azad sistemlərə dəstəkdən ibarətdir”,  deyə Blinken qeyd edib. Fransanın xarici işlər naziri Jan-İv Lö Drian isə deyib ki, Paris və Vaşinqton arasındakı münasibətlərdəki böhran NATO üçün yeni strateji konsepsiyanın qəbul edilməsinə çox ciddi təsir göstərəcək. O qeyd edib ki, bu hadisə Fransanın NATO-dan çıxması ilə nəticələnməyəcək. “NATO Prezidentin xahişi ilə konsepsiya ilə bağlı müzakirəyə başlayıb. NATO -nun Madriddə keçiriləcək növbəti sammiti yeni strateji konsepsiya üzərində işləyəcək. Baş verənlərin gedişata təsir edəcəyi aydındır”, – deyə nazir qeyd edib. Xatırladaq ki, bundan əvvəl Fransanın Avstraliya ilə müqaviləyə xitam verməsinin ABŞ la Fransa arasında münasibətlərin böhrana səbəb olacağı ehtimallarını daha da artırmışdı.

 Rusiyanın Ukraynada batdığı bataqlıq avtokratizm dayaqlarının hamisi olan Putin sisteminin sonunu yaxınlaşdırdıqca növbəti “təhlükə” intuisiyası Çini də narahat etməyə bilməz. Ona görə də son vaxtlar Çinin siyasi manevrləri daha da intensivləşib.O, gah “İranla Səudiyyəni barışdırır”, gah da Mərkəzi Asiyanın post sovet ölkələrinə investisiya yatırımlarını artırmaqla təsir dairəsini genişləndirməyə üstünlükn verir.

Çinin Rusiya ilə münasibətlərində də ikili çalarların müşahidə olunması heç də təsadüfi deyil. Artıq çökməkdə olan, nüfuzunun son akkordlarını xərcləyən Putin Çinin heç də onunçün Belorusiya olmadığının fərqindədir. Lakin, Pekinlə əlaqələri qabartmaqla Putin fikirləşir ki, qoy desinlər “yoox, hələ ölməmişəm, sağam…” görüntüsü formalaşdırır.

Bütün bunlarla yanaşı, Çinin həm də Cənubi Qafqazda iqtisadi maraqları da önəmli məsələrdən sayılır. Qədim İpək Yolu təcrübəsi əsasında “Bir Kəmər – Bir Yol” layihəsi ilə Çin Qərblə Şərq arasında nəhəng iqtisadi əlaqələrin qurulmasında əsas maraqlı tərəf kimi çıxış etməkdədir. Bu layihənin mühüm komponentlərindən biri də son vaxtlar aktuallaşan Zəngəzur dəhlizi ideyasıdır. Xüsusən Rusiya və Qərb arasında Ukraynada toqquşan maraqlar fonunda hər iki qütb Çini öz tərəfinə çəkmək və yaxud proseslərdə Çinin neytral mövqeyinə nail olmağa çalışırlar. Çinin sürətli inkişafının bir səbəbi də Rusiya və Qərb güc mərkəzlərinin heç birini müdafiə etməməyidir. Baş verənlərə neytral mövqedən yanaşan Çin öz iqtisadi gücünü artırmaqla yeni güc mərkəzinə çevrilib.“Orta Dəhliz” layihəsi Azərbaycan – Çin münasibətlərində vacib prioritetlərdən biridir. Şərqlə – Qərbi birləşdirən həmin layihənin müharibə şəraitində, Qərbin Rusiya ilə vəziyyətinin gərgin olduğu bir vaxtda çox böyük əhəmiyyəti var. Gələcəkdə həmin layihədə Zəngəzur dəhlizinin də yer alması “Orta Dəhliz”in iqtisadi səmərəliyini daha da artıracaq.“Bir Kəmər – Bir Yol” layihəsi regionda daha çox Azərbaycan üçün siyasi və iqtisadi maraq kəsb edir. Digər bir tərəfdən Azərbaycanın həmin layihədə rolu region ölkələrinin də iqtisadi maraqlarını təmin etmiş olacaq. Geniş miqyasda Azərbaycan – Çin münasibətləri regional və beynəlxalq əməkdaşlığa da töhfə verir.

Rasim Zeynalov

politoloq