25 Fevral 2024

VƏTƏNDAŞLIĞIMIZI QƏBUL EDƏN ERMƏNİLƏR TƏNTƏNƏLİ ŞƏKİLDƏ AND İÇMƏLİDİRLƏR- HÜQUQİ ŞƏRH

Beynəlxalq hüququn tələbi bu məsələdə də açıqdır:

İnsanların özünə yaşayış yeri seçmək azadlığına, o cümlədən etnik azlıqların soydaşlarının daha çox sayda yaşadığı ölkəyə köçmək azadlığına müdaxilə edilə bilməz.

Odur ki, Azərbaycan Respublikası Qarabağda qalmaq istəməyən heç bir erməninin Ermənistanda və ya başqa bir ölkədə məskunlaşmaq seçiminə müdaxilə edə, onlara “getmə” deyə bilməz.

Necə ki, ölkəmizdə qalmaq istəyənlərə “qalma” deyə bilmərik.

Bəli, işğal dövründə torpaqlarımızda müharibə cinayəti olaraq qanunsuz məskunlaşdırılanlar şəxsləri- onların sayı on minlərlədir- deportasiya etmək hüququmuz var. Ancaq Azərbaycanda doğulmuş və böyümüş ermənilərin Ermənistana köçünün arxasında məcburiyyət deyil, seçim amili dayanır.

Ermənistan köçənlərin sayını şişirtməklə BMT və beynəlxalq fondlardan “pul sağmaq” istəyir, özləri bilər. Bu prosesin bizim əleyhimizə çevrilməsi hüquq baxımından mümkünsüzdür.

Məsələ bağlı daha aydın təsəvvürə malik olmaq üçün AİHM-nin “Çıraqov Ermənistana qarşı” işini oxumaq lazımdır. Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonundan olan məcburi köçkün Çıraqovun iddiası AİHM tərəfindən ona görə təmin olunmuşdu ki,

– Onun yurdu və mülkiyyəti işğal olunmuşdu;

– İşğal nəticəsində Çıraqov mülkiyyətini itirmiş və onun yaşayış, o cümlədən yaşayış yeri azadlığına müdaxilə olunmuşdu;

– Çıraqovun Azərbaycan Respublikasının vətəndaşı kimi hərəkət azadlğına Ermənistanın himayə etdiyi qeyri-qanuni rejim tərəfindən əngəl törədilirdi.

Bizim üçün məsələ kökündən fərqlidir.

1. Azərbaycan öz ərazilərində dövlət suverenliyini bərpa edib;
2. Suverenliyini bərpa etdiyi ərazidə doğulmuş və böyümüş mülki ermənilərin bütün hüquqlarını, o cümlədən milli və dini azlıqlarla bağlı hüquqlarını tanıyır.
3. Ermənilər bu hüquqların pozulduğunu iddia etmək üçün Azərbaycan Respublikası ilə vətəndaşlıq bağına malik olmalıdırlar.

İnsanların vətəndaşlaşdırılması müasir dünyanın əsas çağırışlarından biridir. Ermənilərin bir qismi vətəndaşlığı olmayan Azərbaycan Respublikasının sakinləri idilər. Həmin sakinlər Azərbaycan Respublikasının qanunlarına tabe olmadıqlarından vətəndaş sayılmırlar. Belə ki, “Vətəndaşlığı olmayan şəxslərin statusu haqqında” konvensiyaya görə, «vətəndaşlığı olmayan şəxs» anlayışı altında heç bir dövlət tərəfindən öz qanununa görə vətəndaş sayılmayan şəxs nəzərdə tutulur.
İndi hərbi xuntanın likvidasiyası ilə həmin şəxslər Qarabağda qalmaq istəyərlərsə, Azərbaycan, ölkəmizdən çıxarlarsa, Ermənistan, yaxud gedəcəkləri üçüncü dövlətlər tərəfindən vətəndaşlaşdırılacaqlar.

Niyə bir qismi deyirəm?

Çünki işğal dövründə Ermənistan və başqa bir dövlətin pasportunu daşıyanlar ikili vətəndaşlıq problemi meydana çıxacağından “Vətəndaşlıq haqqında” AR qanunun 10-cu maddəsinə görə, bizim vətəndaşımız ola bilməzlər.

Yeri gəlmişkən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun bir vacib tələbini də xatırlatmaq istəyirəm. Qanunun 15.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə aşağıdakı məzmunda and içir:

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan xalqının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm.”

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Taleh ŞAHSUVARLI

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” sahəsi üzrə hazırlanmışdır.