23 Dekabr 2024

Avropa soyuqdan donmamaq üçün Bakıdan kömək istəyir – Azərbaycanın geosiyasi çəkisi artır

“Son vaxtlar Avropa İttifaqının rəsmi nümayəndələri, xüsusilə də Avropanın xarici işlər və təhlükəsizlik üzrə baş komisarı bəyanatlar verir ki, Azərbaycandan qaz ixracatını artırmaq istəyirlər”.

Bunu Milli.Az-a açıqlamasında “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Azərbaycanın gələcəkdə tranzit imkanları da çoxalır:

“AB-nin Azərbaycandan qaz ixracatını artırmaq istəyinin səbəbi aydındır. Avropa misilsiz qaz təchizatı ilə bağlı problemlər yaşayır. Eyni zamanda qazın çatışmamazlığı, qaz qiymətlərinin uzun müddət yüksək olduğunu göstərir. O da Avropada istehsal olunan məhsulların qiymətinə çox ciddi təsirini göstərir, Avropanın iqtisadi rəqabətlilik qabiliyyətini aşağı salır.

Aİ maraqlıdır ki, müxtəlif mənbələrdən, o cümlədən Azərbaycandan qaz ixracatını çoxaltsın. Azərbaycan da bu məsələdə ona görə maraqlıdır ki, Avropa Azərbaycan üçün əsas qaz bazarıdır, Azərbaycan iri miqyaslı Cənub Qaz Dəhlizi layihəsini həyata keçirir. Onun həm təşəbbüskarıdır, həm də həyata keçirən əsas ölkədir. Eyni zamanda Azərbaycanın gələcəkdə tranzit imkanları da çoxalır. Yəni digər mənbələrdən qazın Azərbaycan ərazisindən və yaxud da ki, Cənub Qaz Dəhlizindən Avropaya çatdırılması mümkündür.

Əlbəttə, Azərbaycan geosiyasi çəkisini, iqtisadi nüfuzunu artırır. Digər tərəfdən Azərbaycanın enerji təminatçısı qismində mühüm rolunu bəlkə də misilsiz edir. Çünki Mərkəzi Asiya – Cənubi Qafqaz istiqamətindən Azərbaycan yeganə ölkədir ki, Avropaya qaz çatdıra bilər. 

Üzümüzə gələn illərdə bu amil çox ciddi olaraq Azərbaycanın xarici siyasətinə iqtisadiyyatına təsir göstərəcək və əlbəttə ki, Azərbaycanın geosiyasi mövqelərini möhkəmləndirəcək, digər tərəfdən də Azərbaycana sərmayələrin axınını, Azərbaycanla enerji sahəsində əməkdaşlıqların artırılmasına səbəb olacaq”.

Qeyd edək ki, Avropa Birliyi ilə Rusiya arasında Ukrayna ətrafında yaranmış gərginlik fonunda Qərbin Azərbaycandan qaz tədarükünə olan ehtiyacın artması məsələsi aktualdır.