23 Dekabr 2024

Avropa çempionatı: Cüdoçumuz bürünc medal qazandı – YENİLƏNİB

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 60 kq-da çıxış edən idmançı bolqarıstanlı Yanislav Gerçevlə qarşılaşıb.

Qızıl xal bölümündə rəqibinə ipponla qalib gələn 23 yaşlı cüdoçu fəxri kürsünün 3-cü pilləsinə qalxıb.17:01

Azərbaycan cüdoçuları Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, yarışın ilk günündə 3 idmançı qüvvəsini sınayıb.

60 kq-da çıxış edən Kəramət Hüseynov 1/16 finalda moldovalı Nikolae Focaya ipponla qalib gəlib. Növbəti raundda Türkiyə təmsilçisi Mihrac Akkuşu məğlub edən 23 yaşlı cüdoçu 1/4 finalda Fransisko Qarriqosa ipponla uduzub.

Təsəlliverici görüşdə Angelo Pantano ilə üz-üzə gələn Hüseynov ipponla qələbə qazanaraq, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. 3-cü yer uğrunda görüşdə onun rəqibi bolqarıstanlı Yanislav Gerçev olacaq.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov də yarışa qələbə ilə start verib. 1/16 finalda israilli Amit Boboviçi ipponla məğlub edən Avropa çempionu 1/8 finala adlayıb. Lakin bu raunnda moldovalı Vadim Bunesku ilə bacarmayan Səfərov mübarizəni dayandırıb.

Eyni uğursuzluğu həmin çəkidə yarışan azərbaycanlı digər cüdoçu Nicat Şıxəlizadə də yaşayıb. 1/16 finalda slovakiyalı Matey Polyaka ipponla qalib gələn cüdoçu 1/8 finalda Portuqaliya təmsilçisi Joao Krisostomoya da uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. Çempionatda 45 ölkədən 359 idmançı iştirak edir.