23 Dekabr 2024

“Artsax” terror təşkilatı məhv edilməlidir! – Sabiq Baş nazirin partiyası bəyanat yaydı

31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı sabiq Baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası bəyanat yayıb.

Musavat.com həmin bəyanatı təqdim edir:

“104 il əvvəl ermənilər Bakıda və Azərbaycanın digər yerlərində on minlərlə insanının məhv edilməsi ilə nəticələnən qətliam törətdilər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirildi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il iyulun 15-də bu hadisələrin tədqiqi ilə yaratdığı və əsas etibarı ilə qeyri-azərbaycanlılardan ibarət Fövqəladə İstintaq Komissiyası tərəfindən toplanmış və sənədləşdirilmiş, 1919- cu uldə Versal sülh konfransına təqdim olunmuş dəlil və faktlar həmin hadisənin xalis soyqırım xarakterini inandırıcılıqla sübut etdi. 1919- cu ildə dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün AXC Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919- cu il Martın 31-i M. Ə. Rəsulzadənin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. XVIII əsrin əvvəllərindən Çar Rusiyasının Azərbaycanı işğalı ilə başlanmış hələ mart hadisılərinə qədər 1905, 1906- cı illərdə vüsət almış bu siyasət və cinayətlər Azərbaycan Sovet Rusiyası tərəfindən yenidən işğal və ilhaq edildikdən sonra da 1948-1953, 1988-1994-cü illərdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, işğal, terror, deportasiya və digər soyqırımı aktları şəklində sistemli şəkildə davam etdirildi. 1992- ci ildə XX əsrin ən ağır cinayətlərindən olan Xocalı soyqırımı törədildi. Hər hansı mübaliğəsiz demək olar ki, bu müddətdə milyonlarla azərbaycanlı soyqırım cinayətinin qurbanı olmuşdur.

Azərbaycan xalqının milli müqaviməti sayəsində və yekun olaraq 2020- ci il Vətən müharibəsində qələbəsindən sonra bu soyqırım siyasəti sarsıdıcı zərbə alsa da bu soyqırımın ideologiyası, milyonlarla azərbaycanlını məhv etməyi və ya Orta Asiayaya köçürülməsini nəzərdə tutan üzdəniraq ”Böyük Ermənistan” stratejisi, bu stratejinin zərbə qüvvəsi olan terrorçu “Artsax” cinayətkar təşkilatı, digər erməni diaspor dəstələri Rusiyadakı və Qərbdəki dairələrin havadarlığı sayəsində mövcud olub fəaliyyətlərini davam etdirirlər və xalqımıza qarşı yeni- yeni soyqırım cinayətlərinin subyekti kimi qalırlar.

Azərbaycan Xalq Partiyası hesab edir ki, hazırda dünyada xalqlar və dövlətlər arasında yaranmış qlobal gərginlik şəraiti xalqımızın mövcudluğunu hədəfə almış bu təhdidin birdəfəlik və qəti məhv edilməsini zəruri edir. İlk növbədə “Artsax” terror təşkilatı və onun qüvvələri, habelə harda yaşamasından asılı olmayaraq “…türklər (azərbaycanlılar) məhv olunmalı, silinməli” deyən hər bir revanşist, potensial soyqırım cinayətkarı məhv edilib silinməlidir. Beynəlxalq hüquq və prinsiplər gözlənilməklə və dönmədən əməl edilməklə xalqımızın və dövlətimizin bütün resurs və potensialı bu işə cəlb edilməlidir. Milyonlarla soyqırım qurbanlarının müqəddəs xatirəsi və ədalət, indiki və gələcək nəsillərin soyqırım aktlarından birdəfəlik xilas edilməsi bunu tələb edir. Azərbaycan Xalq Partiyası bu istiqamətdə əlində olan bütün imkanlardan istifadə edəcəkdir.