27 İyul 2024

Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

25 iyun 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və “Qaz İstismar Sahəsi” Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları, qazilər və “Qaz İstismar Sahəsi” Ərazi Partiya Təşkilatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən kitab sərgisinə baxılıb.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Canpolad Yusifov qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi. Qeyri qanuni silahlı dəstələr ləğv edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir.

Tədbirdə çıxış edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıb, gənclərin vətənpərvər böyümələrindən bəhs edib. Həmçinin qeyd edib ki, vətənpərvərliyi gənclərimizə aşılamaq üçün belə tədbirlər və konfranslar davamlı şəkildə keçirilir, keçiriləcək də. Daha sonra çıxış edən natiqlər – müharibə veteranı Alı Mansırlı,  YAP Ağstafa rayon təşkilatının əməkdaşı, Vətən müharibəsi veteranı Əfqan Qasımov və “Qaz İstismar Sahəsi” Ərazi Partiya Təşkilatının fəal üzvü Saleh Məmmədli şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıblar.