31 Yanvar 2023

Ağdamda 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam rayonunda Şəhidlər Abidə Kompleksinin qarşısında tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusu tərəfindən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından geniş söhbət açmışlar. Sonda tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər.

Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.