27 İyul 2024

Bərdədə 20 Yanvar şəhidlərinin xatirəsi xüsusi ehtiramla yad edilib

Bu gün ölkəmizin hər yerində olduğu kimi Bərdə şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Bərdə Rayon İcra Hakimiyyətinin aparatı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri , təşkilat və müəssisə əməkdaşları əvvəlcə 2020-ci il vətən müharibəsi zamanı xain erməni hücumu nəticəsində həyatını itirmiş mülki şəhidlərin xatirəsini yad ediblər. Müharibə qurbanlarının xatirəsinə yaradılmış lövhəni ziyarət edərək abidə önünə tər qərənfillər düzmüşlər.

Tədbir iştirakçıları bundan sonra I və II Qarabağ müharibəsində həlak olmuş qəhrəman vətən oğullarının uyuduğu şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin ruhuna dualar oxunmuş,şəhid məzarları üzərinə al qırmızı qərənfillər düzülmüşdür.

Sonra 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə tədbir iştirakçıları Bərdənin “Qəhrəmanlar parkını” ziyarət etmiş, qanlı yanvar hadisələrindən danışılmışdır.

Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar bir dəqiqəlik sükut edilmiş, ardınca rayon ərazisində nəqliyyat vasitələrindən siqnallar verilmişdir.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Media1.az- Musa Muradlı