23 Dekabr 2024

ABŞ-ın azərbaycanlı mütəxəssisləri “Ağıllı şəhər” layihəsində iştirak edəcək

ABŞ-ın azərbaycanlı mütəxəssisləri “Ağıllı şəhər” layihəsində iştirak edəcək.

Bu barədə “Report”un yerli bürosuna müsahibəsində Florida-Azərbaycan icmasının rəhbəri Esmira Bayramova bildirib.

“İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu, müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni inkişaf modeli “Ağıllı şəhər” (Smart City) layihəsinə biz də öz töhfəmizi verəcəyik”, – E.Bayramova deyib.

O, bildirib ki, ABŞ-dakı Azərbaycan icması Qarabağın gələcək inkişafında, bərpa və yenidən qurulmasına xidmət edəcək “Ağıllı şəhər” layihəsinə dəstək məqsədi ilə böyük layihə üzərində işləyir: “Layihəmizdə əsasən informasiya və kommunikasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərində çalışan həmvətənlərimizin təcrübə və biliklərindən geniş istifadə olunacaq. “Tesla”, NASA, “Microsoft” kimi dünyaca məşhur qurumlarda çalışan azərbaycanlı mütəxəssislər var. Onların hər biri Qarabağ üçün hər şeyə hazırdır. Mütəxəsislərimizi ən qısa zamanda bir yerə toplayaraq onları “Ağıllı şəhər” layihəsinə öz töhfələrini verməyə dəvət edəcəyik. Bununla da Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı dünyanın süni intelekt və təbiət gözəlliyinin vəhdətindən yaranan turizm incisinə çevirəcəyik”.

ABŞ-ın əmlak bazarında qazandığı təcrübələri ilə Qarabağdakı tikinti layihələrinə dəstək verəcəyini deyən E.Bayramova əlavə edib ki, bölgədə böyük tikinti layihələrində işləmək istəyən investorlarla əlaqələrin qurulması mövzusunda da öz töhfələrini verəcək.

Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında iştirak edən icma rəhbəri görüşlə də bağlı təəssuratlarını bölüşüb: “İllərdir həsrətini çəkdiyimiz gözəl Şuşanı görmək mənim üçün şərəf idi. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Nəzərə alsaq ki, Şuşada hələ infrastruktur bərpa olunmayıb, postmüharibə dövründə şəhərin bu qədər qısa zamanda yenidən canlandırılması inanılmazdır.

Qurultayın proqramı və qonaqların təhlükəsizliyinin təminatı çox uğurlu təşkil olunmuşdu. Konsert proqramları, çıxışlar, müzakirələr olduqca yüksək səviyyədə keçirildi. Şuşadan gözəl təəssüratlarla ayrıldıq. Bu şərəfi bizə nəsib edən şanlı ordumuza və Müzəffər Ali Baş Komandan İlham Əliyevə, həmçinin torpaqlarımızı ziyarət etmək imkanı yaradan Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm”.