23 Dekabr 2024

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, – məlumatda qeyd olunub.

Bildirilib ki, səfər zamanı K.Donfrid Azərbaycan, Gürcüstan və Ermənistanın “öz yollarını müəyyən etmək hüququ”nu vurğulayacaq.

Qeyd olunub ki, K.Donfrid iyunun 15-16-da Bakıda səfərdə olacaq, burada Azərbaycan Prezidenti İlham Əliyev, digər dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönəlmiş diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, transmilli təhdidlərlə mübarizə, əsas azadlıqlar və ikitərəfli ticarət və investisiyaların inkişafında tərəfdaşlığı qeyd edəcək.

Bakıdan sonra o, iyunun 17-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək, burada Gürcüstan Prezidenti Salome Zurabişvilinin təşkil etdiyi konfransda çıxış edəcək, Baş nazir İrakli Qaribaşvili və digər hökumət rəsmiləri, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Bir gün sonra K.Donfrid Yerevana gedəcək və orada Ermənistanın Baş naziri Nikol Paşinyan və digər hökumət rəsmiləri ilə görüşəcək.