Rusiya ombudsmanı: “Bütöv bir həkim briqadası Navalnının sağalması üçün məşğul olub”
Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Maskalkova müxalif siyasətçi, Korrupsiya ilə mübarizə fondunun rəhbəri Aleksey Navalnının sağlamlığı üçün bütöv həkim briqadasının cəlb olunduğunu bildirib.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyində məlumat yayılıb. T.Maskalkovanın sözlərinə görə, rusiyalı müxalifətçi rentgenoloq, neyrocərrah, nevroloq, nefroloq (böyrək xəstəlikləri eksperti), qastroentroloq (mədə-bağırsaq sahəsi) və digər mütəxəssislər tərəfindən tədqiq olunub.
Rusiya ombudsmanı bunun üçün xüsusi sorğu verdiklərini və mülki həkimlərin gəldiyi nəticələrlə şəxsən tanış olduğunu bildirib. Buraya Vladimir vilayəti klinik xəstəxanasının mütəxəssislərinin rəy və analizləri də daxildir.
Xatırladaq ki, Aleksey Navalnı hazırda Vladimir vilayətinin 2 saylı islah düşərgəsində cəzasını çəkməkdədir. Bu cəzaçəkmə müəssisəsi özünün sərt rejimi ilə seçilir və “qırmızı zona”lardan hesab olunur.
Bu ilin mart aynın sonlarında onun vəziyyəti qəfildən pisləşib və o, məhkumlar üçün nəzərdə tutulan xəstəxanaya köçürülüb.