23 Dekabr 2024

Kəlbəcərdə qətlə yetirilən azərbaycanlıların cəsədlərinin basdırıldığı yerlər aşkarlanıb

Baş Prokurorluq məlumat yayıb 

Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olub və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.

Qurumdan Media1.az-a bildirilib ki, bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılıb.

Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Qeyd edək ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlamışdır.

Qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtərəfli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.