Sülhməramlıların karvanı Kəlbəcərə yük gətirib
Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitinin təmininə davam edir. Media1.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Vurğulanır ki, enerji və su təchizatı sistemlərinin bərpası, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 17 KamAZ hərbi maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 14-cü Rusiya karvanı Suqovuşan – Kəlbəcər marşrutu ilə Kəlbəcər rayonuna 200 tona yaxın elektrik təchizatı sistemlərinin bərpası üçün tikinti materialları və avadanlıqları daxil olmaqla yük çatdırıb.
Məlumatda qeyd edilib ki, ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə motorlu nəqliyyat vasitələrinin 13 karvanı təxminən 2400 ton yük daşıyıb.
“Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşib”, – açıqlamada bildirilib.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatına uyğun olaraq, bu il 10 noyabr Moskva vaxtı ilə 00:00-dan etibarən Dağlıq Qarabağda tamamilə atəşkəs elan edilib, bütün döyüş əməliyyatları dayandırılıb. Eyni tarixdə bölgəyə Rusiya sülhməramlıları yerləşdirilib.