23 Dekabr 2024

ABŞ Türkiyəyə F-35 qadağası qoydu

Ankara Rusiyanın S-400 raket komplekslərinin tədarükünə görə xüsusi proqramdan kənarlaşdırılıb

ABŞ Türkiyəyə F-35 qırıcıları ilə bağlı qadağa qoyub. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Anadolu” Agentliyi Pentaqondakı mənbəyə istinadən xəbər yayıb.

Bildirilib ki, Ankara Rusiyanın S-400 raket komplekslərinin tədarükünə görə xüsusi proqramdan kənarlaşdırılıb. Agentliyin yazdığına görə, ABŞ 2007-ci ildə Türkiyənin imzaladığı ortaq bir memorandumu ləğv edib. Vaşinqton sənədə imza atmış yerdə qalan yeddi ölkə ilə – İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə yenidən memorandum imzalayıb.

Qeyd edək ki, mart ayında Türkiyə ABŞ-ı S-400 səbəbindən Ankaraya etdiyi təzyiqin nəticələri barədə xəbərdar etdi. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirmişdi ki, bu cür cəhdlərin Vaşinqton üçün arzuolunmaz nəticələri ola bilər.

Xatırladaq ki, Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olan S-400-ün tədarükü 2019-cu il iyul ayının ortalarında başlayıb. Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışını təxirə salacağını və ya hətta ləğv edəcəyi ilə hədələyərək Rusiya ilə müqavilədən imtina etməsini və bunun müqabilində ABŞ “Patriot” komplekslərini almasını istəyib.