23 Dekabr 2024

Xoş gəldin, on bir ayın sultanı!

İslam aləminin həsrətlə gözlədiyi mübarək ayın bahar qoxulu günlərindəyik. “Ramazan”sözü istiliyin şiddəti, günəşin daş və çınqılın üzərinə saçması mənasını verir. Quranda yeganə adı çəkilən ay Ramazan ayıdır və bu ay Əli əleyhissəlamı şəhadətə qovuşduran aydır.Bu ay məzhəbindən asılı olmayaraq cəmi müsəlmanların birliyini, bərabərliyini, əbədi ortaqlığını özündə cəmləşdirən və Ramazan dedikdə birmənalı şəkildə müsəlman ağıla gətirən aydır. Buna görə də məzhəb ayrı-seçkiliyi salaraq bir – birindən qopan, uzaqlaşan, hətta bir-birlərinə nifrət edən müsəslmanlar bilsinlər ki, bu şəkildə yalnız fəlakətə sürüklənər və bununla da  daha böyük bəlalar onları qarşılayar. Bu günləri səbirsizliklə gözləyən, iplə çəkən cəmi müsəlmanlar üçün diləyim var ki, bir – birilərinin qədrini bilsinlər, yersiz düşmənçiliklərdən, hər kəs öz məzhəbinə uyğun özünü haqlı çıxarmağa çalışmaqdan, lüzumsuz mübahisələrdən, cahil davranmaqdan uzaq olsunlar ki, Rəbbləri yanında da üzüqara olmasınlar. Axı, ibadət əhlinə, Allahı qarşısında öz bəndəliklərini  və layiqli qul olduqlarını isbat etmək üçün gündə 5dəfə səcdəyə gedən müsəlmana kin-küdurət, nifrət, düşmənçilik yaraşmaz! Qəlbində bu toxumları cücərdən, inkişaf etdirən birinin ibadəti də qəbul olunmaz! Ramazan mərhəmət dolu, sevgi dolu, şəfqət dolu bir aydır. Tanrıdan cəmi müsəlmanlara  Ramazan fəziləti böyüklükdə birlik diləyirəm.

Ramazan ayının əvvəli rəhmət, ortası mərifət, sonu isə cəhənnəmdən xilasdır. Bu ayın Quran ayı olmasıyla yanaşı, önəmli bir tərəfi oruc vasitəsilə insan nəfsinin tərbiyəsidir. Oruc ibadətinin də əlbəttə, çox böyük hikmət, fayda və fəzilətləri vardır. Peyğəmbər salavatullah hədislərin birində belə buyurur :”Oruc səbrin yarısı və səbr imanın yarısıdır”.

Oruc tutmaq ac qalmaq demək deyil. Oruc ac insanların halından anlamaq, Tanrının bir çoxlarımıza  bəxş etdiyi nemətlərdən narazı qaldığımız, evimizdə bişən yeməklərə ağız büzdüyümüz halda, gecə başını yastığa ac qoyan ehtiyaclı insanları düşünmək, empatiya hissini yaşamaq, yardım etməyi bacarmaq, Rəbbimizin verdiyi nemətlərə şükr etmək, nəfsimizə nə qədər hökmran olduğumuzu anlamaqdır. Peyğəmbərimiz (s) buyurur : “Allah Təala, nəfsə sən kimsən, mən kiməm”? – deyə sual vermiş.Nəfs deyib :mən mənəm, sən sənsən. Tanrı nəfsə əzab verib, cəhənnəmə atdıqdam sonra yenə soruşmuş. Nəfs inadkarlıq, tərsliklə yenə eyni cavabı vermiş. Bu dəfə Allah onu aclıqla sınamış. Yenə soruşmuş: mən kiməm, sən kimsən? Nəfs acizanə cavab vermiş :”Sən Rəhimli Rəbbim, mən isə aciz itaət edənəm”.

Ramazan mənəviyyat ayı,axirətə mənəvi məhsullar yetişdirmək üçün bərəkətli aydır. Bu ayı digər aylardan üstün, fəzilətli edən Rəbbimizin bizlərə doğru yolda, haqq yolunda olmağı göstərən müqəddəs kitabımız Qurani-Kərimin bu ayda nazil olmasıdır. Quran oxumağın savab olduğunu bilirik. Bu ayda isə Quran oxumağın savabı daha böyükdür. Ramazan elə bir aydır ki, bu ayda şeytan zəncirlənər, cəhənnəmin qapısı bağlı, cənnətin qapısı isə açıq qalar.Bəzən bir insanın heç bir ehtiyacı olmadığı halda özünü boşluqda, kədərli hiss edər. Bunun səbəbi mənəvi ehtiyacların doldurulmamasından qaynaqlanır. Bəzən kiçik bir yaxşılıq edərsən və günlərlə o yaxşılıq səni dünyanın ən xoşbəxti hiss etdirər. İnsan ruhi-mənəvi ehtiyaclarını ödəməsə, həm mənəvi, həm də fiziki sağlamlığına zərər vermiş olar. Məhz Ramazan ayı xeyirxahlığı bir daha yadlara salar. Əslində isə Rəbbimiz bu ayın hesabına bizlərə rəhm etmək, mənəvi qazanclar əldə etmək və savablarla bizləri mükafatlandırmaq istəyir. Rəhimli olan Rəbbimizin varlığına şükürlər olsun! Bütün müsəlman aləmini mübarək ayın qədəmləri münasibətilə təbrik edirəm. Qarabağlı Ramazanımız mübarək olsun!

Məmmədova Əsmər :pedaqoq, şairə